ABŞ-nin daha bir təyyarə daşıyan gəmisi Yaxın Şərq regionuna çatıb və xidmətə başlayıb. Bununla da ABŞ-nin ərazidə olan təyyarə daşıyan gəmilərinin sayı 3-ə yüksəlib. İddialara görə, artıq ABŞ növbəti hərbi əməliyyata hazırdır və yaxın günlərdə yeni hərbi əməliyyatların başlaması ehtimalı yüksəkdir.




Sfera.az-a bu haqda açıqlama verən siyasi şərhçi Tural İrfanın sözlərinə əsasən, ABŞ-nin təyyarədaşıyan gəmilərinin Yaxın Şərqdə toplanması həlledici müharibənin anonsunu verir:




“Danışıqların nəticəsinin mənfi olması və İsrailin təkidləri, eyni zamanda ABŞ-nin öz maraqları savaşın davam edəcəyini göstərir. İran və ABŞ arasında əsl müharibə demək olar ki, hələ təzə başlayır. ABŞ hələ məqsədlərinə çatmayıb. Plan çoxdan olsa da icraata İsrailin tələsik təkidi ilə demək olar ki, vaxtsız başladı. Odur ki, müharibənin gedişində bir sıra narahatlıqla qarşılaşıb fasilə verməyə məcbur oldu”.


 



 


Ekspertin fikrincə, beynəlxalq aləm də müəyyən qədər ABŞ-yə təzyiq edib və xüsusən Hörmüz boğazında iqtisadi narahatlıq baş verib:




“Ancaq proseslər onu göstərir ki, müharibə davam edəcək. İran da öz növbəsində hazırlıq görür və əgər İsraillə ABŞ ilk başlanğıcda İranın streteji hücum nöqtələrini sıradan çıxara bilməsə zərbə ilə qarşılaşa bilər. İranın ordusu demək olar ki, SEPAH-ın əlindədir və bu qruplaşma demək olar ki, hakimiyyətə rəhbərlik edir. Onların hərbi xarakteri imkan verir ki, bütün nöqtələrə atəş açsınlar. İran da hücumlar müqabilində nəzərdə tutulmuş nöqtələrə əks hücum edilə bilər. Ümumiyyətlə İran və İsrailin hərbi xarakterində və praktikasında sərhəd, hədd gözləmək, beynəlxalq hüquqa riayət etmək yoxdur. İstənilən anda bəşəriyyət əleyhinə cinayət işləməyə hazır orduları var. Təhdidedici bəyanatlar, gəmilərin İran ətrafına toplanması kimi reallıqlar planlarln tərkib hissəsi olaraq hərbi strategiyadır və həm də psixoloji təsir vasitəsi kimi istifadə edilir. Lakin İsrailin açıqlamaları da onu göstərir ki, elə bir formada, elə bir dəhşətli silahlarla startadırlar ki, əgər ABŞ işarə versə, dərhal İranı daş dövrünə qaytaracaqlar. Bu tip bəyanatlar göstərir ki, müharibənin bu mərhələsi daha dağıdıcı olacaq. Əgər İran proksiləri işə salsa, onların yerləşdiyi ölkələr də prosesə qoşula bilər. Körfəz ölkələrində ABŞ bazalarına hücum olarsa Körfəz ölkələri də ABŞ kualisiyasına ciddi dəstək verə bilər. Lakin bütün hallarda İranın həm İsrail həm də ABŞ ilə, eyni zamanda Körfəz ölkələri ilə uzun müddət dirəniş göstərmə gücü yoxdur. Əgər müharibə yenidən qızışsa bu dəfə İranın məğlubiyyəti qaçılmaz ola bilər. Yaxın günlərdə yeni hərbi əməliyyatların başlanmasına ehtimal böyükdür”.




Bəsti Rəfizadə

Sfera.az