Müasir dövrdə dərman preparatlarının geniş yayılması onların düzgün istifadə olunmadığı hallarda ciddi fəsadlara yol aça bilir. Xüsusilə nəzarətsiz qəbul edilən və ya keyfiyyəti aşağı olan dərmanlar zəhərlənmə riskini artırır.
Belə bir hadisə Gəncə şəhərində baş verib. Belə ki, üç nəfər dərmandan zəhərlənib. Zəhərlənən şəxslərdən biri 1958-ci il təvəllüdlü Alik İsmayılov vəfat edib.
Eyni zamanda, 1985-ci il təvəllüdlü Samir Əliyev və daha bir nəfər xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir.
Bəs insanlar dərmandan niyə zəhərlənir? Düzgün qəbul edilmir, yoxsa dərman keyfiyyətsiz olur?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, hər bir dərman tərkibindəki aktiv maddə və köməkçi komponentlərlə birlikdə texniki standartlara uyğun olmalıdır:
“Əgər dərman qəbulundan sonra xəstənin vəziyyəti dəyişirsə, bu ya dozanın yüksək olması, yəni normanın aşılması, ya da preparatın hazırlanmasının texniki tələblərə uyğun olmaması ilə bağlı ola bilər.
Dərman zəhərlənməsi anlayışı bir qədər ümumi və mücərrəd ifadədir. Bununla yanaşı, əgər dərman qəbulundan sonra xəstənin halı pisləşibsə, məsələ ilə bağlı xəstəxana tərəfindən konkret və aydın açıqlama verilməlidir. Bu, qan təzyiqinin düşməsi, başqa bir dərmanın artıq qəbulu və ya preparatın keyfiyyət göstəriciləri ilə əlaqəli səbəblərlə bağlı ola bilər”.
Professor qeyd edib ki, Azərbaycanda dərman bazarında müəyyən problemlər qalmaqdadır:
“Analitik Ekspertiza Mərkəzi mütəmadi yoxlamalar aparsa da, aptek şəbəkələrində qeydiyyatdan keçməmiş dərmanların dövriyyəsinə rast gəlinir. Bu isə dərman təchizatı sistemində hələ də nöqsanların və sui-istifadə hallarının mövcud olduğunu göstərir. Nəticə etibarilə, bu kimi hallar bəzi vətəndaşlarda sağlamlıq problemlərinə səbəb ola bilər. Məsələ tibbi baxımdan rəsmi şəkildə araşdırılıb açıqlanmalıdır. Yalnız bundan sonra dəqiq və əsaslı rəy bildirmək mümkündür”.
Fidan Hacızadə
Sfera.az