2026-cı ilin yay mövsümü yaxınlaşdıqca azərbaycanlı turistlərin ən çox üz tutduğu istiqamətlər və bu ölkələr üzrə tur paket qiymətləri yenidən diqqət mərkəzinə düşüb.
Sfera.az-ın apardığı geniş araşdırma göstərir ki, qiymətlər məsafədən, xidmət səviyyəsindən və mövsümdən asılı olaraq ciddi şəkildə dəyişir.
Ənənəvi olaraq bazarda lider mövqeyini qoruyan ölkə Türkiyədir. Bu istiqamətə olan tələbatın yüksək olmasının əsas səbəbləri vizasız rejim, qısa uçuş müddəti və geniş “all inclusive” seçimləridir. 2026-cı il üçün Türkiyəyə tur paketləri orta hesabla 500-1500 manat arasında dəyişir. Daha geniş marşrutları əhatə edən 7 günlük paketlərin isə 2000-3600 manat aralığında olduğu qeyd edilir.
Son illərdə populyarlığı artan istiqamətlərdən biri də Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə Dubay şəhəridir. Bu istiqamət daha çox şəhər turizmi, alış-veriş və əyləncə imkanları ilə seçilir. 2026-cı ildə Dubay turları üçün paket qiymətləri 1190-4250 manat arasında dəyişir. Qısa müddətli, 3-5 günlük paketlərin isə bəzi hallarda 550-950 manatdan başladığı müşahidə olunur.
Dəniz istirahəti və münasib qiymət axtaran turistlər üçün Misir yenə də ən cəlbedici istiqamətlərdən biri olaraq qalır. Şarm əl-Şeyx və Hurqada kimi kurortlara 5-6 günlük tur paketləri təxminən 1500-1900 manatdollardan başlayır. “All inclusive” xidmətlərin geniş yayılması bu ölkəni qiymət-keyfiyyət baxımından daha sərfəli edir.
Daha uzaq və fərqli mədəniyyət axtaran turistlər üçün Çin istiqaməti də diqqət çəkir. Pekin, Şanxay kimi şəhərləri əhatə edən paketlər əsasən 2000-4000 manat aralığında dəyişir. Bu istiqamət vizalı olması və uzun uçuş səbəbilə daha çox planlı səyahət edənlər tərəfindən seçilir.
Ekzotik turizm istiqamətləri arasında isə Bali xüsusi yer tutur. Bu ada daha çox balayı və premium istirahət üçün seçilir. 2026-cı ildə Bali turlarının qiyməti orta hesabla 4000 manat və daha yuxarı səviyyədən başlayır.
Araşdırma göstərir ki, son dövrlərdə Asiya istiqamətləri də azərbaycanlı turistlər arasında populyarlaşır. Xüsusilə Tailand və Malayziya kimi ölkələrə tur paketləri 2500-4500 manat aralığında dəyişir. Bu ölkələr həm ekzotik təbiəti, həm də nisbətən münasib gündəlik xərcləri ilə seçilir. Avropa istiqamətlərinə gəldikdə isə İtaliya, Fransa və İspaniya kimi ölkələr daha çox mədəni və şəhər turizmi üçün seçilir.
Bu istiqamətlərdə tur paketləri əsasən 2000-5000 manat arasında dəyişir və qiymətlər mövsümə görə ciddi şəkildə arta bilir. Daha yüksək büdcəli turistlər üçün Maldiv adaları və Sinqapur kimi istiqamətlər də diqqət mərkəzindədir. Bu ölkələrdə tur paketləri adətən 5000 manatdan başlayaraq daha yüksək məbləğlərə qədər yüksəlir.
Firuzə Əliyeva
Sfera.az