Ukraynadan Azərbaycana idxal olunan 4,9 ton dondurulmuş toyuq məhsulunda (istehsal və son istifadə tarixləri 16.02.2026–16.02.2028 olan partiya) ciddi uyğunsuzluq müəyyən edilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) verdiyi məlumata görə, laborator müayinələr nəticəsində məhsulda "salmonella" bakteriyası aşkarlanıb. Qeyd edək ki, bu infeksiya əsasən çirklənmiş və ya lazımi dərəcədə bişirilməmiş qidalar vasitəsilə keçir, yüksək qızdırma və kəskin həzm pozğunluğu (ishal) ilə müşahidə olunur.
Bəs dondurulmuş qidalarda belə təhlükə aşkarlanırsa, vətəndaşlar nələrə diqqət etməlidir? Ət və ət məhsulları alarkən hansı meyarlar əsas götürülməlidir?
"Refresh Group" MMC-nin baş icraçı direktoru, qida eksperti Seymur Qafarov Sfera.az-a açıqlamasında bildirib ki, istər toyuq, istərsə də mal əti olsun, xaricdən gətirilən məhsulları alarkən istehlakçılar bir neçə mühüm məqama həssas yanaşmalıdırlar:
“İlk növbədə, idxal olunan ət məhsulunun laborator analizlər əsasında verilmiş idxal sağlamlıq aktı olmalıdır. Alıcılar marketlərin ət bölməsindən bu sənədi tələb etmək hüququna malikdirlər. Həmçinin məhsul paketlənmiş şəkildədirsə, üzərində Azərbaycan dilində istehsal və son istifadə tarixi, istehsalçı şirkətin adı, qida və enerji dəyəri kimi zəruri məlumatlar mütləq qeyd olunmalıdır. Digər mühüm şərt isə temperatur rejimidir: soyudulmuş ət məhsulları 0 ilə +5 dərəcə, dondurulmuş məhsullar isə -18 dərəcə Selsi temperaturda daşınmalı və satışa təqdim edilməlidir”.
Ekspert vurğulayıb ki, alıcılar ətin rəngində və ya qoxusunda hər hansı şübhəli məqam hiss etsələr, qanuni hüquqlarından istifadə etməlidirlər:
“Ətin rəngi və qoxusu normal olmalı, onda heç bir kənar yad qoxu hiss edilməməlidir. Əgər uyğunsuzluq aşkar olunarsa, alıcı kassa qəbzi ilə birlikdə 15 iş günü ərzində məhsulu aldığı yerə müraciət edə bilər. Bu, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun birbaşa tələbidir. Həmçinin dondurulmuş ət xüsusi qablaşdırmada təqdim olunmalı, üzərində həddindən artıq buz kristal parçaları olmamalıdır. İstehlakçı ətin çəkisinə görə ödəniş etməlidir, əlavə buz kütləsinə görə yox”.
Bəsti Rəfizadə
Sfera.az