Nyu-York meri Zohran Mamdani 1915-ci il hadisələri üzərindən Türkiyə və Osmanlı İmparatorluğunu hədəf alan ifadələr işlədib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zohran Mamdani 1915-ci il hadisələri ilə bağlı sosial media platformasında paylaşım edərək, qondarma iddiaları müdafiə edən açıqlamalar verib. O, 24 apreli "erməni soyqırımının 111-ci ildönümü" kimi qeyd etdiyini bildirərək birbaşa Türkiyəni hədəfə alıb.
Mamdani Türkiyə, Suriya və Ermənistan ərazilərində 1.5 milyon erməninin Osmanlı tərəfindən "qətlə yetirildiyini" irəli sürərək, "Tarixin təkrarlanmasına icazə verməməliyik" deyə sayıqlayıb.
Açıqlamasının davamında Türkiyəyə qarşı iddalarını irəli sürən Mamdani, Qarabağın erməni işğalından azad edilməsi uğrunda 2020-ci ildə başladılan əməliyyatlar üzərindən Azərbaycanı da hədəf seçib.
Azərbaycan və Türkiyənin Qarabağdakı erməni əhaliyə "hücum etdiyini" iddia edən mer, 2023-cü ildə Azərbaycanın 100 mindən çox ermənini bölgədən "qovduğu" və "soyqırımı kampaniyasını" davam etdirdiyi barədə paylaşım edib.
Yalan və tarixin qaranlıq tərəfində yer almağı seçən Mamdani, erməni diasporunun könlünü xoş etmək üçün "Erməni xalqının öz müqəddəratını təyini" kimi ifadələrdən istifadə edib.
Mamdaninin bu çıxışına Türkiyə Xarici İşlər Nazirliyindən reaksiya gəlib. Nazirlik bəyan edib ki, 1915-ci il hadisələri elmi zəmində araşdırılmalı, məsələ siyasi istismar mövzusu olmamalıdır:
“Cənubi Qafqazda yaranan sülh və barışıq mühiti, tarixdən düşmənçilik yaratmağa çalışanlara verilən ən güclü cavabdır. Bəzi üçüncü ölkə siyasətçilərinin məsələni öz siyasi hesabları üçün istifadə etməyə çalışdıqlarını görürük. Türkiyə arxivlərini açmış və Birgə Tarix Komissiyasının yaradılmasını təklif etmişdir. Bu təklifimiz hələ də qüvvədədir".
Bəsti Rəfizadə
Sfera.az