Türk musiqisinin əfsanəvi qruplarından olan MFÖ-nün simalarından Məzhər Alanson uzun müddətdir davam edən səssizliyini pozub. Lakin sənətçinin son görüntüsü sevənlərini kədərləndirib.
Sfera.az bildirir ki, gənc müğənni İlyas Yalçıntaşın ustad sənətkarla paylaşdığı foto qısa zamanda sosial şəbəkələrin gündəminə çevrilib.
Paylaşılan fotoda Məzhər Alansonun həddindən artıq arıqladığı və olduqca yorğun göründüyü diqqət çəkib. Uzun müddətdir kameralardan uzaq qalan 76 yaşlı sənətçinin bu halını görən pərəstişkarları "Tanımaq mümkün deyil", "Ustad çox çöküb" kimi şərhlər yazıblar.
Məlumdur ki, məşhur sənətçi son illərdə ağır sınaqlardan keçir. O, əvvəlcə qızı Eda Alansonu gənc yaşda itirib, daha sonra isə MFÖ qrupundakı ən yaxın dostu və yol yoldaşı Özkan Uğurun vəfatı ilə sarsılmışdı. Bu ağır itkilərdən sonra Alansonun özünə qapandığı və depressiv bir dövr keçirdiyi bildirilib.
Fotonun yayılmasından sonra pərəstişkarları sənətçiyə dəstək mesajları yağdıraraq, onun tezliklə sağlamlığına qovuşmasını arzulayıblar.
Bəsti Rəfizadə
Sfera.az