ABŞ Prezidenti Donald Trampın iyun ayında Fransada keçiriləcək G7 sammitinə qatılmaqdan imtina etməsi ehtimalı Avropada ciddi narahatlıq yaradıb. Bu addım Vaşinqtonun müttəfiqlərindən tamamilə uzaqlaşması və NATO-nun gələcəyi üçün təhlükə siqnalı kimi qiymətləndirilib.




Sfera.az xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica" qəzeti məlumat yayıb.


 


Məlumata görə, sammitə ev sahibliyi edən Fransa Prezidenti Emmanuel Makron Trampın iştirakını təmin etmək üçün maraqlı gediş edib. O, sammitin tarixini bir gün öncəyə, yəni Trampın ad gününə (14 iyun) salmağı təklif etsə də, tərəflər arasında yaranan kəskin söz davası bu planı alt-üst edib. Hazırda Ağ Ev rəhbərinin tədbirə yalnız video-bağlantı vasitəsilə qatılacağı ehtimal edilir ki, bu da Avropa liderləri tərəfindən "münasibətlərin soyuması" kimi qəbul olunur.


 


Trampın G7-dən imtina etməsi zəncirvari reaksiya yarada bilər. Ekspertlər hesab edir ki, bu, iyulda Ankarada keçirilməsi planlaşdırılan NATO sammitinə də təsirsiz ötüşməyəcək. Türkiyə tərəfi Trampın gələcəyinə dair təminat versə də, ABŞ-nin müttəfiqlərindən (xüsusilə İran məsələsində) narazılığı vəziyyəti gərginləşdirir.


 


Nəşr Alyans daxilindəki "çatların" getdikcə böyüdüyünü vurğulayıb. Tramp NATO-nu "kağız pələng" adlandıraraq onun effektivliyini şübhə altına alıb. ABŞ-nin hərbi naziri Pit Heqset Fransa və Britaniyanın Hörmüz boğazındakı koalisiya cəhdlərini "effektivsiz" adlandıraraq kənara itələyib. ABŞ-nin dekabrda Mayamidə keçiriləcək G20 sammitinə Rusiya Prezidenti Vladimir Putini dəvət etməsi də avropalı tərəfdaşlar tərəfindən birmənalı qarşılanmayıb.




Xatırladaq ki, Tramp ötən il keçirilən sammiti də xəbərdarlıq etmədən vaxtından əvvəl tərk edərək müttəfiqlərini şoka salıb.




Bəsti Rəfizadə

Sfera.az