“Sea Breeze” “DXB Global” şirkətinin sədri Aref Alabbarı qəbul edib.
Sfera.az xəbər verir ki, Aref Alabbar Bakıya səfərləri çərçivəsində Azərbaycanın paytaxtı və burada həyata keçirilən iri layihələrdən yüksək təəssürat aldığını bildirib.
Onun sözlərinə görə, səfərin əsas məqsədi Azərbaycandakı ən iddialı layihələrdən biri hesab olunan “Sea Breeze” ilə yaxından tanış olmaq olub.
“Dünən Bakıya gəldik. Şəhər çox gözəldir, təbiəti möhtəşəmdir. Təmizlik və ümumi şəhər mühiti də diqqətimizi cəlb etdi. Buraya gəlməkdə əsas məqsədimiz “Sea Breeze” layihəsini yerində görmək idi”,– deyə investor bildirib.
Aref Alabbar qeyd edib ki, layihənin ən diqqətçəkən tərəflərindən biri idarəetmə sistemində çeviklik və rəhbərliklə birbaşa ünsiyyət imkanlarının olmasıdır. Şirkətin rəhbər şəxsləri ilə qısa müddətdə görüşmək, layihə barədə ətraflı məlumat almaq mümkündür.
İnvestorun sözlərinə görə, “Sea Breeze” layihəsinin ümumi sahəsi təxminən 25-27 kvadrat kilometrdən çoxdur. Kompleks Bakı şəhər mərkəzindən və İçərişəhərdən təxminən 25 dəqiqəlik məsafədə yerləşir.
Aref Alabbar əlavə edib ki, şirkətin Azərbaycandan başqa Özbəkistan da daxil olmaqla digər ölkələrdə də müxtəlif layihələri mövcuddur. Bunlar arasında sahilyanı layihələrlə yanaşı, dağlıq ərazidə yerləşən “Sky Breeze” qış kurortu da yer alır.
Səfər çərçivəsində layihənin sahibi Emin Ağalarovla görüşdüklərini bildirən Aref Alabbar, tərəflər arasında ilkin razılıq əldə olunduğunu vurğulayıb.
“Şükürlər olsun ki, cənab Eminlə ortaq fikrə gəldik. Yaxın 3 ay ərzində bu razılaşmaların müqavilə və memorandumlar şəklində rəsmiləşdirilməsi planlaşdırılır”,– deyə o qeyd edib.
Fidan Hacızadə
Sfera.az