“Çelsi” Londondakı Uembli stadionunda baş tutan qarşılaşmada “Lids” üzərində 1:0 hesablı qələbə qazanaraq finala vəsiqə əldə edib.


 


Sfera.az xəbər verir ki, görüşdə yeganə qolu 23-cü dəqiqədə Enzo Fernandes vurub. London klubu bu oyuna baş məşqçi dəyişikliyindən sonra çıxıb. “Çelsi” baş məşqçi Liam Rozinyor ilə yollarını ayırdıqdan sonra mövsümün sonuna qədər komandanı müvəqqəti olaraq Kalum Makfarlan çalışdıracaq.


 


O, bundan əvvəl də komandanın “Mançester Siti” ilə səfərdə 1:1 hesablı heç-heçə etdiyi oyunda müvəqqəti baş məşqçi kimi fəaliyyət göstərmişdi. Finalda “Çelsi” digər yarımfinal oyununda “Sauthempton”u 2:1 hesabı ilə məğlub edən “Mançester Siti” ilə qarşılaşacaq. Həlledici görüş mayın 16-da yenidən Uembli stadionunda keçiriləcək. Qeyd edək ki, İngiltərə FA Kuboku 1871-ci ildən təşkil olunur.


 


Turnirin ən uğurlu komandası 14 dəfə kuboku qazanan “Arsenal”dır. “Mançester Siti” yeddi, “Çelsi” isə səkkiz dəfə bu titula sahib çıxıb. Ötən mövsüm isə kuboku tarixində ilk dəfə “Kristal Palas” qazanıb.


 


Niyaz Hacıyev


Sfera.az