İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya rəsmi səfəri çərçivəsində Sankt-Peterburq şəhərinə gedib.


 


Səfər zamanı onun Rusiya prezidenti Vladimir Putin ilə görüşü planlaşdırılır.


 


Görüşdən hansı real nəticələr gözlənilir?


 


Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev söyləyib ki, İranın xarici işlər naziri Abbas Əraqçinin səfəri zamanı əsasən İranın Rusiya tərəfindən yenidən dəstəklənməsi məsələsinin müzakirə ediləcəyi ehtimal olunur:


 



 


“Çünki müharibə dövründən sonra İran hazırda öz gücünü bərpa etməyə çalışır. Böyük ehtimalla, səfər zamanı da bu məsələlər gündəmdə olacaq. Eyni zamanda, ABŞ ilə İran arasında aparılan danışıqlar barədə də Rusiya tərəfinin məlumatlandırılacağı gözlənilir. Çünki Rusiya bu prosesdə aktiv şəkildə iştirak edir. Pakistan tərəfinin də tez-tez məlumatlandırdığı ölkələrdən biri məhz Rusiyadır. Belə düşünürəm ki, Rusiya həm diplomatik müstəvidə, həm də nüfuz baxımından İrana təsirini daha da gücləndirir və müharibədən sonrakı dövrdə də bu təsiri artırmaqda davam edəcək. Yekun proses isə ona gətirib çıxara bilər ki, İran bu müharibə dövründə itirdiklərinə görə yarıasılı vəziyyətə düşsün. Yəni əsasən Rusiyadan asılı vəziyyətə keçə bilər. İqtisadi baxımdan isə Çin də İranı öz təsir dairəsinə salmağa çalışacaq”.


 


Politoloq hazırda Əraqçi ilə Putin arasında aparılan danışıqlarda digər mühüm mövzulardan birinin də İran daxilindəki vəziyyət olacağını əlavə edib:


 


“Əraqçi həm də prezident Məsud Pezeşkianın bəzi istəklərini Rusiyaya çatdıracaq. Çünki hazırda İran daxilində SEPAH ilə prezident komandası arasında ciddi mübarizə gedir. Faktiki olaraq SEPAH komandanı Əhməd Vahidinin ölkə idarəçiliyində təsir imkanlarını artırdığı bildirilir. Ali dini rəhbər Müctəba Xameneinin də çox ağır vəziyyətdə olduğu barədə məlumatlar var. Bildirilir ki, atası Əli Xameneiyə qarşı hücum zamanı ağır yaralanıb və Rusiyada müalicə alıb. Həmçinin onun ölkə idarəçiliyində iştirak edə bilmədiyi iddia olunur. Böyük ehtimalla, hazırda ölkə daxilində əsas güc mübarizəsi Əhməd Vahidi ilə prezident Məsud Pezeşkian arasında gedir. Pezeşkian bu mübarizədə Rusiyadan dəstək almağa çalışa bilər ki, İran daxilində mövqeyini qorusun. Çünki hazırda İranda prezident hakimiyyətinin gücləndirilməsi üçün əlverişli fürsət yaranıb. Əgər Pezeşkian bundan istifadə edə bilsə, İranı daha normal respublika idarəetmə modelinə yaxınlaşdıra bilər”.


 


Fidan Hacızadə


Sfera.az