ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində Çinin İrana kömək etmək imkanlarını vurğulayaraq, Pekinin bu istiqamətdə daha böyük addımlar ata biləcəyini deyib. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Guo Jiakun isə hərbi yardım iddialarını rədd edərək bildirib ki, ölkələr arasındakı normal ticarət və iqtisadi əlaqələrə heç bir kənar müdaxilə olmamalıdır.
Bəs Çin-İran münasibətləri sadəcə iqtisadi maraqlara söykənir, yoxsa hərbi-siyasi müstəvidə də real tərəfdaşlıq var?
Politoloq Oqtay Qasımov Sfera.az-a açıqlamasında Trampın fikirlərinin əsassız olmadığını bildirib.
O qeyd edib ki, İran Çin üçün strateji tərəfdaşdır. Tərəflər arasında imzalanmış 25 illik anlaşmaya əsasən, Çin İran iqtisadiyyatına 400 milyard dollar sərmayə qoymalıdır. İran həm Çinin vacib enerji təchizatçısıdır, həm də onun geosiyasi maraqlarının mərkəzində yerləşir. Hazırda Çin İran vasitəsilə ABŞ-yə təzyiq edə bilir.
Ekspertin sözlərinə görə, ötənilki "12 günlük müharibə"dən sonrakı məlumatlar Çinin İrana ciddi hərbi-texniki dəstək verdiyini təsdiqləyir:
"Çinin təmin etdiyi peyk, kəşfiyyat və naviqasiya sistemləri İranın hərbi imkanlarını artırıb, zərbələrinin dəqiqliyini təmin edib. Körfəz ölkələrindəki ABŞ bazalarına və İsrailə vurulan zərbələrdə bu texnoloji dəstəyin rolu böyükdür. Hazırkı şəraitdə İran-ABŞ qarşıdurması dolayısı ilə ABŞ-Çin mübarizəsinin bir parçasıdır və Çin bu prosesdə həlledici rol oynayır".
Oqtay Qasımov vurğulayıb ki, ABŞ-Çin gərginliyi artdıqca, Pekinin İrana dəstəyi daha da güclənəcək:
"Bu vəziyyət həm də Körfəz ölkələrinin Çinə yaxınlaşmasına səbəb ola bilər. Çünki ABŞ-nin təhlükəsizlik zəmanətlərinin yetərsiz olduğunu görən bu ölkələr alternativ axtarışındadırlar. ABŞ-nin blokada cəhdlərinə baxmayaraq, Çin quru yolu ilə (Əfqanıstan və Pakistan üzərindən) İrana lazımi dəstəyi çatdırmaq imkanına malikdir".
Niyaz Hacıyev
Sfera.az