"2027-ci ildən tətbiqi nəzərdə tutulan yeni xarici dil imtahan modelində imtahan suallarının sayı 30 tapşırıqdan 26 tapşırığa endiriləcək".
Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva bildirib. Şöbə müdiri qeyd edib ki, yeni struktur üzrə 25 qapalı tipli və 1 yazılı tapşırıq nəzərdə tutulub.
K.Hacıyeva bildirib ki, yeni modelin əsas yeniliklərindən biri 11 illik təhsil səviyyəsində yazı komponentinin ayrıca tapşırıq kimi imtahana daxil edilməsidir. Onun sözlərinə görə, bu dəyişiklik şagirdlərin yalnız test bacarıqlarını deyil, real dil istifadəsi, müstəqil fikir ifadəsi və məntiqi yazı qurmaq qabiliyyətini də ölçməyə imkan verəcək.
DİM nümayəndəsinin sözlərinə əsasən, yeni model beynəlxalq standartlara, xüsusilə CEFR yanaşmasına uyğunlaşdırılıb. Bu çərçivədə gələcəkdə qrammatik yönümlü sualların mərhələli şəkildə azaldılması, onların yerini daha çox oxuyub-anlama, dinləyib-anlama, yazı və danışıq bacarıqlarını yoxlayan tapşırıqların alması planlaşdırılıb.
Onun sözlərinə görə, yeni model üzrə keçirilən pilot imtahanda Bakı və Bakıətrafı məktəblərdən 858 şagird iştirak edib. Şagirdlərə “Should school uniforms be required for all students?” mövzusunda minimum 100 sözdən ibarət fikir yazısı yazmaq tapşırılıb. K.Hacıyeva bildirib ki, pilot nəticələri yazı tapşırıqlarının imtahan modelinə inteqrasiyasının mümkün və məqsədəuyğun olduğunu göstərib.
K.Hacıyeva sonda əlavə edib ki, yeni modelin məqsədi qiymətləndirməni daha praktik, obyektiv və müasir tələblərə uyğun qurmaqdır.
Bəsti Rəfizadə
Sfera.az