Romantik filmlərin yalnız qadınlara aid olduğu düşüncəsi getdikcə zəifləyir. Araşdırmalar göstərir ki, kişilər də bu janrı izləyir və bu, onların emosional vəziyyətinə və münasibətlərinə müsbət təsir edir.


 


Sfera.az xəbər verir ki, son illərdə “The Notebook” kimi klassik filmləri izləyərkən emosional reaksiya verdiyini etiraf edən eləcə də “Hyu Qrant”ın romantik komediyalarını təkrar-təkrar izləyən kişilərin sayı düşünüldüyündən daha çoxdur. Məsələn, “Ticket to Paradise” filminin açılış həftəsində tamaşaçıların təxminən 25 faizini kişilər təşkil edib ki, bu da tendensiyanın dəyişdiyini göstərir.


 


Kanzas Dövlət Universitetində aparılan tədqiqat nəticələrinə əsasən, kişilərin böyük hissəsi romantik filmlərdən qadınlar qədər zövq alır. Bir çox kişi bu filmlərə partnyorlarının istəyi ilə baxdığını desə də araşdırmalar göstərir ki, izləmə prosesi zamanı onlar əslində yüksək emosional məmnunluq yaşayırlar. Böyük Britaniyada aparılan başqa bir sorğu da bu fikri gücləndirir.


 


Sorğuda iştirak edən kişilərin üçdə birindən çoxu romantik filmləri sevdiklərini, bu filmlərin onlarda partnyorlarına qarşı yaxınlıq hissini artırdığını bildirib. Bu isə ekrandakı romantikanın real münasibətlərə müsbət təsir etdiyini ortaya qoyur. Mütəxəssislərin fikrincə, romantik filmlərin “yalnız qadınlar üçündür” kimi qavranılmasının əsas səbəbi media yanaşmasıdır.


 


Media daha çox bu janrı sevmədiyini açıq ifadə edən kişilərə fokuslanır, halbuki romantik filmlərə maraq göstərən kişi auditoriyası çox vaxt nəzərə alınmır. Nəticə olaraq, ekspertlər hesab edirlər ki, romantik filmlərə maraq genderlə məhdudlaşmır və bu tendensiya getdikcə daha açıq şəkildə görünməyə başlayır.


 


Mənsumə


Sfera.az