ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışma zamanı hədəf olub-olmadığını bilmədiyini açıqlayıb.
Trampa qarşı törədilər bu addım ABŞ-İran gündəmini dəyişmək üçün edilə bilərmi?
Sfera.az-a mövzu ilə bağlı açıqlama verən siyasi şərhçi Tural İrfan bildirib ki, əsasən ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik müddətində qəribə hadisələrin baş verməsi qeyri-təbii təsir bağışlayır:
“Özünü daima diqqətdə saxlamaq və fərqli imic formalaşdırmaq üçün belə hadisələr süni görünür. Çünki ABŞ kimi qüdrətli dövlətin dünyanın öncül yerlərində olan təhlükəsizlik orqanlarının mühafizəsi altında mütəmadi olaraq sui-qəsd cəhdlərinin qorxu yaratması inandırıcı görünmür. İraqa müdaxilə zamanı özlərinin yaratmış olduğu Əl Qaidəyə şərait yaradaraq qoşa binaların vurulmasını bir bəhanə kimi istifadə etmişdilər. Ola bilsin indi də fərqli üsulda, amma eyni mahiyyətdə oxşar ssenarilər qurublar. Təbii ki, atəş açan şəxsin İrana bağlı olub olmamasını elan etdikdən sonra daha dəqiq qənaətə gəlmək olar”.
Siyasi şərhçi vurğulayıb ki, ilkin mənzərə və indiyədək olanlar bunu deməyə əsas verir ki, atışma qurulma işə daha çox uyğundur:
“Eyni zamanda ABŞ prezidentinə qarşı müxtəlif basqılar var və Epşteyn dosyasının açılması onun nüfuzuna xələl gətirir. Hər halda ABŞ kimi bir dövlətdə baş verən bütün hadisələrin səbəbi və hədəfləri var. İrana daha ciddi hücum planlarının icrasına başlamaq üçün bu hadisə əldə əsas tutula bilər. Yəni, İrana bağlı, onun təşkil etdiyi terrorçunun hətta ABŞ prezidentinə sui-qəsdə cəhd etməsi bu ölkənin dünya üçün nə qədər təhlükəli olduğunu demək üçün əsas sayıla bilər. Amma hələ ki, hadisəni törədən şəxsin hansı mənbənin sifarişini icra etdiyi haqda açıqlama yoxdur”.
Qeyd edək ki, "Washington Hilton" otelində Trampın iştirakı ilə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma olub. ABŞ lideri, eləcə də vitse-prezident Cey Di Vens və onların həyat yoldaşları dərhal zaldan təxliyə ediliblər. Hücumda şübhəli bilinən şəxs Məxfi Xidmət əməkdaşları tərəfindən saxlanılıb.
Fidan Hacızadə
Sfera.az