"Lizinq haqqında yeni qanun biznes mühitini məhdudlaşdıra bilər"
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Maliyyə icarəsi haqqında" qanunun müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev ilk növbədə qanunun adının dəyişdirilməsi təklifinə toxunub. O, beynəlxalq təcrübədə "maliyyə icarəsi" ifadəsinin işləndiyini qəbul etsə də, Azərbaycan cəmiyyəti üçün "lizinq" termininin daha anlaşıqlı olduğunu qeyd edib:
""Lizinq" termini xalq üçün daha anlaşılandır. Bizim mülki məcəllədə "servitut", "uzufrukt", "resepit", "oferta", "aksept" kimi onlarla beynəlxalq termin var ki, vətəndaşların çoxu bunları başa düşmür. Amma küçədə kimdən soruşsanız ki, lizinq nədir, hamı biləcək. Çünki minlərlə insan bu müqavilə ilə ev, maşın alıb. Adın dəyişdirilməsinə ehtiyac görmürəm".
Deputat lizinq şirkətləri üzərində Mərkəzi Bankın nəzarətinin həddindən artıq gücləndirilməsindən narahat olduğunu da ifadə edib. O qeyd edib ki, artıq cari ilin əvvəlindən bir neçə lizinq şirkəti fəaliyyətini dayandırıb:
"2026-cı ilin əvvəlindən bəri artıq 3 lizinq təşkilatı ləğv olunub. Yeni qanunla Mərkəzi Bank lizinq verənin kapitalının artırılmasını tələb edə bilər. Lizinq şirkətlərinin yenidən qeydiyyatdan keçməsi prosesi bürokratik maneələr yaradır".
Qüdrət Həsənquliyev vurğulayıb ki, tənzimləmə və hesabatlılığın həddindən artıq çox olması biznesin inkişafına deyil, onun boğulmasına xidmət edir.
Onun sözlərinə görə, bu yanaşma bazarda rəqabəti məhv edərək monopoliya yarada bilər:
"Biznes fəaliyyətində nə qədər çox tənzimləmə və hesabatlılıq olacaqsa, orada inkişaf olmayacaq. Bu qanun layihəsi biznes mühitini daha da pisləşdirəcək və böyük ehtimalla monopoliyanın yaradılmasına xidmət edəcək".
Çıxışının sonunda millət vəkili layihənin kifayət qədər əsaslandırılmadığını bildirərək, sənədin əleyhinə səs verəcəyini bəyan edib.
Firuzə Əliyeva
Sfera.az