Dünyaca məşhur amerikalı kinoaktrisa, model və müğənni olan Merilin Monronun 36 yaşında ölümü illər keçməsinə baxmayaraq hələ də ən çox müzakirə olunan hadisələrdən biri olaraq qalır.


 


Sfera.az bildirir ki, 1962-ci ilin avqustunda həyatını itirən məşhur aktrisanın ölümü rəsmi olaraq intihar kimi qeydə alınsa da, hadisə ətrafında yaranan suallar bu gün də səngiməyib. Məhkəmə-tibbi ekspertiza nəticələrinə görə, onun ölümünə yüksək dozada barbiturat tərkibli sakitləşdirici dərmanlar səbəb olub.


 


Rəsmi sənədlərdə ölüm səbəbi ehtimal olunan intihar kimi göstərilmişdi. Sonrakı illərdə məsələ yenidən araşdırılsa da, “Los Angeles District Attorney’s Office” rəsmi nəticəni dəyişməyib və ölümün xarakteri əvvəlki kimi saxlanılıb. Bununla yanaşı, bir sıra fərqli ehtimalları da gündəmdə saxlanır. Bildirilir ki, Monro dərmanları məqsədli şəkildə deyil, səhv dozada qəbul etmiş ola bilər.


 


O dövrdə güclü yuxu və sakitləşdirici preparatların geniş istifadəsi, habelə həkim nəzarətinin yetərli olmaması bu versiyanı gücləndirən amillər kimi göstərilir. Hadisə günü evdə olan şəxslərin ifadələrindəki ziddiyyətlər, son telefon zəngləri və ölüm saatı ilə bağlı fərqli məlumatlar da illər boyu müxtəlif versiyaların ortaya atılmasına gətirib çıxarıb.


 


Digər tərəfdən, aktrisanın ölümü ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri də sui-qəsd iddialarıdır. Qeyri-rəsmi mənbələrdə Monronun ABŞ siyasi elitası ilə yaxın münasibətlərdə olduğu iddia edilir və bu çərçivədə tez-tez keçmiş ABŞ prezidenti Con F. Kennedi və  amerikalı siyasi və dövlət xadimi Robert Kennedi kimi şəxslərin adları hallanır. İddialara görə, aktrisa müəyyən həssas məlumatlara malik olub. Lakin bu versiyanı təsdiqləyən hər hansı rəsmi sübut indiyədək təqdim olunmayıb.


 


Araşdırmalar zamanı ortaya çıxan bəzi ziddiyyətli məqamlar da mübahisələri daha da artırıb. Ölüm vaxtı ilə bağlı fərqli məlumatlar, hadisə yerində qeydə alınan bəzi qeyri-müəyyən detallar və tibbi nəticələr ətrafında yaranan suallar alternativ ehtimalların formalaşmasına səbəb olub. Bununla belə, bu cür uyğunsuzluqların bir hissəsini həmin dövrün texniki və tibbi imkanlarının məhdudluğu ilə izah edilib.


 


Bütün rəsmi araşdırmalara baxmayaraq, Merilin Monronun ölümü bu gün də tam şəkildə izah olunmuş hadisə kimi qəbul edilmir. Rəsmi mövqe dəyişməz qalır, lakin alternativ versiyalar ictimaiyyətin diqqət mərkəzində qalmağa davam edir və bu hadisə Hollivud tarixinin ən böyük sirrlərindən biri kimi yadda qalır.


 


 Fidan Hacızadə


Sfera.az