Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) milli assosiasiyaların yüksək xərclərlə bağlı narahatlıqlarını nəzərə alaraq 2026-cı il Dünya Kuboku üçün mükafat fondunun və iştirak haqlarının artırılması barədə razılığa gəlib.
Sfera.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
FİFA-nın açıqlamasında bildirilir ki, 28 apreldə Vankuverdə keçiriləcək FİFA Şurasının iclasından əvvəl təşkilat mövcud gəlirlərin artırılması ilə bağlı müzakirələri təsdiqləyib. Bu qərar 2026-cı il Dünya Kubokunda iştirak edəcək bütün komandalar üçün maliyyə dəstəyi və FİFA-nın 211 üzv assosiasiyasının inkişafının maliyyələşdirilməsi ilə bağlıdır.
Qurum əvvəlcə mükafat fondunun 727 milyon dollar olduğunu elan etmişdi. Həmin plana əsasən, 48 komandanın hər birinə 10,5 milyon dollar, turnirin qalibinə isə 50 milyon dollar ödənilməsi nəzərdə tutulurdu. Lakin federasiyalarla aparılan danışıqlardan sonra mükafat fondunun artırılması qərara alınıb.
Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində Kanada, Meksika və ABŞ-də keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.
Niyaz Hacıyev
Sfera.az