Azərbaycan Respublikası Ali Məhkəməsi eyni tələb üzrə ikinci dəfə məhkəməyə müraciət edilməsinin yolverilməz olduğuna dair mühüm qərar qəbul edib.
Sfera.az xəbər verir ki, hadisə yol-nəqliyyat qəzası nəticəsində yaranmış ziyanın ödənilməsi ilə bağlı olub.
Məhkəmə qərarına əsasən, zərərçəkmiş şəxsə ümumilikdə 21 min 500 manat ödənilməli idi. Bu məbləğin yalnız bir hissəsi ödənilib, 20 min 250 manat isə borc kimi qalıb.
Daha sonra həm borclu, həm də zərərçəkmiş şəxs vəfat edib və onların varisləri ortaya çıxıb. Zərərçəkmiş tərəfin varisi qalan məbləğin ödənilməsini tələb etsə də, vərəsəlik məsələləri tam rəsmiləşdirilmədiyi üçün icra orqanı icraata xitam verib.
Bundan sonra zərərçəkmiş şəxsin varisi həmin 20 min 250 manatın tutulması üçün yenidən məhkəməyə müraciət edib. Aşağı instansiya məhkəmələri iddianı təmin etsə də, Ali Məhkəmə bu qərarla razılaşmayıb.
Ali Məhkəmə bildirib ki, qanuni qüvvəyə minmiş və qismən icra olunmuş qərar olduğu halda, eyni tələb üzrə yenidən iddia qaldırmaq olmaz. Belə hallarda məsələ yeni məhkəmə işi ilə deyil, icra prosesi çərçivəsində həll edilməlidir.
Məhkəmə vurğulayıb ki, icra mərhələsində tərəflərdən biri vəfat edərsə, onların varisləri icra prosesinə daxil edilməlidir. Bu prosedur həyata keçirilmədən yeni iddia qaldırılması qanuna ziddir.
Nəticədə Ali Məhkəmə apellyasiya instansiyasının qərarını ləğv edib və iş üzrə icraata xitam verib.
Firuzə Əliyeva
Sfera.az