Böyük Britaniyanın Baş naziri Kir Starmer İrandakı müharibənin doğurduğu iqtisadi böhran və yaşayış xərclərinin artması ilə əlaqədar aprelin 28-də hökumətin fövqəladə hallar komitəsinin (Cobra) iclasını keçirəcək.
Sfera.az xəbər verir ki, bu barədə Baş nazir pərakəndə satış, logistika və xidmət sahəsi işçilərini birləşdirən "USDAW" həmkarlar ittifaqının üzvləri qarşısında çıxışı zamanı bildirib. Starmer iclasda İngiltərə Bankının nümayəndələrinin də iştirak edəcəyini bildirib:
"Sabah İrandakı müharibənin fəsadlarına həsr olunmuş “Cobra” iclasını keçirəcəyəm. İngiltərə Bankı rəsmilərinin də qatılacağı bu müzakirələrdə əsas məqsədimiz sizi əmin etməkdir: biz bu böhran dövründə zəhmətkeşləri tək qoymayacaq və onları dəstəkləyəcəyik".
Hökumət başçısının sözlərinə görə, müharibənin iqtisadi təsirləri hələ uzun müddət hiss olunacaq. O, buna misal olaraq ölkənin bütün yanacaqdoldurma məntəqələrində avtomobil yanacağının qiymətinin rekord sürətlə artmasını göstərib.
Britaniya xalqına vəd verən Starmer, hərbi münaqişələrə münasibətini də sərt şəkildə ifadə edib: "Mən heç vaxt ölkəni bizim maraqlarımıza cavab verməyən müharibəyə sürükləməyəcəm. Heç vaxt!".
Bəsti Rəfizadə
Sfera.az