Almaniya Xarici İşlər naziri İohann Vadepul ölkəsinin Hörmüz boğazında dəniz təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə hazır olduğunu bəyan edib.


 


Sfera.az xəbər verir ki, nazir İranın addımlarının qlobal iqtisadiyyatı hədəf aldığını iddia edərək, bu böhranın həlli üçün BMT-ni hərəkətə keçməyə çağırıb. Vadepul qeyd edib ki, əgər BMT Təhlükəsizlik Şurası müvafiq qərar qəbul edərsə, Almaniya boğaza sülhməramlı qüvvələr göndərə bilər. BMT rəsmiləri ilə görüşmək üçün ABŞ-yə yola düşməzdən əvvəl Berlində açıqlama verən nazir bildirib ki, Hörmüz boğazı dünyanın ən kritik ticarət yollarından biridir: "Dünyadakı hər beş litr neftdən biri bu boğazdan keçir.


 


Bu yolun bloklanması Almaniyada yanacaq qiymətlərinə birbaşa təsir edir, lakin digər bölgələrdə vəziyyət daha ağırdır. Körfəzdən gələn gübrə tədarükünün kəsilməsi qlobal qida təhlükəsizliyini riskə atır. İran Hörmüz boğazını mühasirəyə almaqla əslində qlobal iqtisadiyyata və tədarük zəncirinə hücum edir". Almaniyanın beynəlxalq dəniz yollarının təhlükəsizliyini bərpa etmək istədiyini vurğulayan Vadepul, bunun üçün hüquqi bazanın vacibliyinə toxunub: "Almaniya ticarət gəmilərinin keçidini təmin etmək üçün dəstək verməyə hazırdır. Lakin bunun üçün BMT Təhlükəsizlik Şurasının mandatı olmalıdır. Belə bir səlahiyyət sülhməramlı missiyaların göndərilməsi və müdaxilə üçün qanuni yol açacaq".


 


Qeyd edək ki, İohann Vadepul Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşəcək və İranın nüvə proqramı ilə bağlı keçiriləcək konfransda iştirak edəcək.


 


Bəsti Rəfizadə


Sfera.az