Milli Məclisin sədri Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə keçirilən ilk iclasında çıxış edib.


 


Sfera.az xəbər verir ki, Sahibə Qafarova Milli Məclisdə həmin gün MSK-nın yeni tərkibinin formalaşdırıldığını xatırladıb.


 


Onun sözlərinə görə, Azərbaycanın demokratik inkişafında seçkilər və ümumxalq səsvermələri mühüm rol oynayır. O bildirib ki, seçkilərin qanunauyğun şəkildə hazırlanıb keçirilməsi vacib məsələdir və bu baxımdan MSK-nın üzərinə böyük məsuliyyət düşür.


 


Sahibə Qafarova qeyd edib ki, ötən dövrdə Komissiya üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib:


 


"Hesab edirəm ki, ötən dövrdə Komissiya üzərinə düşən işi layiqincə yerinə yetirib. Komissiya bu gün ölkəmizin siyasi sistemində özünəməxsus yer tutur".


 


O, MSK-nın fəaliyyətinin Milli Məclisdə müsbət qiymətləndirildiyini və deputatların Komissiyanın işindən razı qaldığını da diqqətə çatdırıb.


 


Firuzə Əliyeva

Sfera.az