İrlandiyanın University College Cork Universitetinin mütəxəssisləri qəhvənin insan sağlamlığı üzərindəki təsirləri ilə bağlı genişmiqyaslı tədqiqat aparıblar.


 


Sfera.az bildirir ki, "Nature Communications" jurnalında dərc olunan nəticələr həm kofeinli, həm də kofeinsiz qəhvənin orqanizm üçün ciddi üstünlükləri olduğunu ortaya qoyub.


 


62 nəfərin iştirak etdiyi tədqiqatda mütəxəssislər qəhvə istehlakı ilə bağırsaq florası arasındakı birbaşa əlaqəni izləyiblər. Məlum olub ki, müntəzəm qəhvə içənlər bu vərdişdən iki həftə uzaq qaldıqda, bağırsaqlarındakı faydalı bakteriyaların sayında ciddi azalma müşahidə edilib. Yenidən qəhvə içməyə başlayan iştirakçılarda stress, depressiya və impulsiv (düşünmədən hərəkət etmə) meyillərinin azaldığı qeydə alınıb. Araşdırmanın ən diqqətçəkən məqamı isə qəhvənin faydasının təkcə kofeinlə bağlı olmamasıdır.


 


Alimlər qeyd ediblər ki, öyrənmə qabiliyyətini və yaddaşı gücləndirir, diqqəti artırır, gümrahlıq verir və təşviş səviyyəsini tənzimləyir. Qəhvənin tərkibindəki polifenollar iltihabı azaldır, hüceyrə zədələnməsinin qarşısını alır və beyin hüceyrələrini qoruyur. Tədqiqatın rəhbəri professor Con Krayan bildirib ki, qəhvə sağlam və balanslı qidalanma rasionunun bir hissəsi kimi qəbul edilməlidir. Lakin mütəxəssislər xəbərdarlıq edib ki, qəhvənin faydası miqdardan asılıdır. Hər bir fərd öz sağlamlıq vəziyyətinə uyğun olaraq istehlak miqdarını tənzimləməli, yüksək dozaya qaçmamalıdır.


 


Bəsti Rəfizadə


Sfera.az