İtaliyanın “İnter” futbol klubu və onun rəhbərliyi hakim qalmaqalı ilə bağlı aparılan istintaqda iştirak etmir.
Sfera.az xəbər verir ki, bu barədə jurnalist Tankredi Palmeri özünün “Facebook” səhifəsində Milan prokurorluğuna istinadən məlumat yayıb.
Jurnalistin sözlərinə görə, istintaq çərçivəsində bütün şübhəlilər hakimlik fəaliyyəti ilə əlaqəlidir. Araşdırmaların dörd və ya beş oyunu əhatə etdiyi bildirilir.
Qeyd edək ki, daha əvvəl “La Gazzetta dello Sport” qəzeti hakim qalmaqalı səbəbindən “İnter”in 2024-cü ildə qazandığı iki kubokdan məhrum edilə və Seriya B-yə göndərilə biləcəyini yazmışdı. Məlumata görə, İtaliya hakimlər korpusunun rəhbəri Canluka Rokki idman saxtakarlığında şübhəli bilinir. Milan prokurorluğu hesab edir ki, Rokki bəzi oyunlarda qərarların “Milan” klubunun xeyrinə olması üçün hakim təyinatlarına təsir göstərməyə çalışıb.
Hazırda “İnter” A Seriyasında uğurlu çıxışını davam etdirir. Komanda 34 oyundan sonra 79 xalla turnir cədvəlinin lideridir və bitməsinə dörd tur qalmış ən yaxın rəqibini 10 xal qabaqlayır. “İnter” eyni zamanda İtaliya Kubokunun finalına yüksəlib və həlledici görüşdə “Latsio” ilə qarşılaşacaq.
Niyaz Hacıyev
Sfera.az