Son dövrlərdə İran ətrafında artan gərginlik fonunda beynəlxalq ictimaiyyətin reaksiyası daha da aktuallaşıb. Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, BMT İran ətrafındakı münaqişəni həll etmək üçün qətiyyətli tədbirlər görməlidir.




Almaniyanın xarici işlər naziri Yohan Vadefulun bu çağırışı nə dərəcədə realdır? BMT İran ətrafındakı münaqişəni həll etmək üçün hansı real alətlərə malikdir?




Politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, bu yanaşma əslində reallıqdan uzaq görünür.


 


Onun sözlərinə görə, Yohan Vadefulun səsləndirdiyi çağırış daha çox siyasi ritorika təsiri bağışlayır:




“Çünki Birləşmiş Millətlər Təşkilatı belə mürəkkəb və çoxqatlı münaqişələri təkbaşına həll edə biləcək mexanizmə malik deyil. Xüsusilə BMT Təhlükəsizlik Şurası daxilində böyük güclər arasında maraqların toqquşduğu bir şəraitdə “qətiyyətli addımlar” praktik olaraq ya bloklanır, ya da ciddi şəkildə yumşaldılır. Bu baxımdan səslənən fikirlər daha çox diplomatik jest kimi qəbul olunur, real nəticə vəd edən konkret plan kimi yox”.


 



 


Politoloq qeyd edib ki, BMT-nin əlində müəyyən alətlər olsa da, onların təsir gücü məhduddur:


 


“Sanksiyalar, vasitəçilik təşəbbüsləri və ya Beynəlxalq Atom Enerji Agentliyi vasitəsilə nəzarət mexanizmləri daha çox vəziyyəti idarə etməyə xidmət edir, köklü həll yaratmır. İran kimi regional və qlobal güclərin maraq dairəsində olan bir aktorla bağlı proseslərdə əsas qərarlar yenə də böyük dövlətlər arasında razılaşmalarla müəyyən olunur. Ona görə də bu cür çağırışlar praktik həll mexanizmindən çox, beynəlxalq ictimaiyyətə verilən mesaj kimi qiymətləndirilir”.


 


Niyaz Hacıyev 

Sfera.az