Şagirdlərə verilən yaşıl kartların çoxluğu məktəblərdə müsbət davranışların üstünlük təşkil etdiyini göstərir.
Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, ölkə üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələri “Ümumi təhsil müəssisələrində təhsilalanların intizam Qaydaları” sənədinə uyğun olaraq şagirdlərin davranışlarının qiymətləndirilməsini həyata keçirir:
"Bu çərçivədə şagirdlərə verilən yaşıl, sarı və qırmızı kartların statistik müqayisəsi aparılıb və nəticələr məktəb mühitində pozitiv dəyişikliklərin baş verdiyini göstərir.
Məlumata görə, cari ilin yanvar və fevral ayları üzrə ölkə üzrə ümumtəhsil məktəblərində 29 161 sarı kart, 5 831 qırmızı kart və 46 383 yaşıl kart təqdim olunub.
Yaşıl kartların yüksək göstəricisi məktəb mühitində müsbət davranışların üstünlük təşkil etdiyini və intizam qaydalarına əməl olunma səviyyəsinin artdığını təsdiqləyir".
Firuzə Əliyeva
Sfera.az