Vaşinqton İrana qarşı hərbi planlarda onlara "yox" deyən NATO müttəfiqlərinə qarşı ağır sanksiyalar tətbiq etməyə hazırlaşır.
Məlumata görə, Pentaqonun göndərdiyi daxili e-poçtda Vaşinqtonun hərbi addımlarına dəstək verməyən ölkələrin Alyans daxilindəki mövqelərinin yenidən nəzərdən keçirilməsi təklif olunub.
Bu ölkələrin NATO daxilindəki nüfuzlu və prestijli vəzifələrdən uzaqlaşdırılması, həmçinin qərarvermə proseslərindəki təsirlərinin azaldılması əsas variantlar arasındadır.Siyahıda ən sensasiyalı məqam isə İspaniya ilə bağlıdır. İddia olunub ki, ABŞ-nin planında İspaniyanın NATO üzvlüyündən çıxarılması variantı masadadır.
Əgər ABŞ belə addım atarsa, digər ölkələrin Vaşinqtona qarşı birləşmə ehtimalı varmı? ABŞ özünə yeni düşmənlər qazanacaqmı?
Sfera.az-a bu haqda açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə əsasən, NATO-ABŞ münasibətləri sadə münasibətlər deyil və hər hansı bir prezidentin, ümumiyyətlə Trampın iradəsinə bağlı olan məsələ deyil.
“Bu qurum vaxtilə Avropa Birliyini yaradan, onun iqtisadi ahəngliyini, iqtisadi inteqrasiyasını təmin edən siyasətçilər tərəfindən, təhlükəsizliyi qorumaq məqsədilə formalaşdırılmış alyansdır”,–deyə qeyd edən deputat Amerika Birləşmiş Ştatlarının NATO-dan çıxmasının və yaxud NATO üzvü olan hər hansı bir ölkəyə ayrı-seçkilik tətbiq etməsinin reallığı əks etdirmədiyini bildirib:
“Nəticə etibarilə bu gün NATO və elə Avropa ölkələri Trampın prezidentlik dövrünü maksimum az zədə ilə başa vurmağa çalışırlar və səbr nümayiş etdirirlər. Qaldı ki, İspaniyanın NATO-dan xaric edilməsi məsələsinə, mənə elə gəlir ki, İspaniya o qədər strateji ölkədir ki, onun alyansdan çıxarılması Avropanın təhlükəsizliyinə böyük zərbə vuracaq”.
H.Babaoğlu İspaniyanın əhəmiyyətindən də bəhs edib:
“İspaniya Aralıq dənizində NATO-nun cənub cinahını təşkil edir və həm də “Böyük Avropa Beşliyi” adlandırdığımız Fransa, İspaniya, İtaliya, Böyük Britaniya və Almaniya beşliyinin içərisindədir. Ona görə İspaniya asanlıqla hər hansı bir blokdan uzaqlaşdırılacaq ölkə deyil və üstəlik, indiki vaxtda mənə elə gəlir ki, Avropa İttifaqının üzvü olan və həm də NATO-nun üzvü olan digər ölkələr bu məsələyə müsbət baxmazlar. Bu da növbəti bir söz mərhələsidir, bir müddətdən sonra ehtimal ki, heç önəm kəsb etməyəcək”.
Bəsti Rəfizadə
Sfera.az