Amerikalı iqtisadçılar tərəfindən aparılan yeni araşdırma evliliklərin davamlılığı ilə toy xərcləri arasında maraqlı əlaqə üzə çıxarıb.
Sfera.az xəbər verir ki, tədqiqat nəticələrinə görə, toy və nişan mərasimlərinə nə qədər çox vəsait sərf olunursa, boşanma ehtimalı da bir o qədər yüksəlir. Araşdırma iqtisadçılar Endryu Fransis-Tan və Huqo M. Mialon tərəfindən aparılıb və təxminən 3000 evli cütlüyün məlumatları təhlil edilib. Nəticələrə əsasən, nişan üzüyünə 2000-4000 dollar arası xərcləyən kişilərdə boşanma ehtimalı 500-2000 dollar xərcləyənlərə nisbətən təxminən 30% daha yüksək olub.
Bununla yanaşı toy mərasimlərinə 1000 dollardan az xərclənən evliliklər daha stabil nəticələr göstərib və 20.000 dollardan çox xərclənən toyların isə xüsusilə qadınlar arasında boşanma riskini 60% artırdığı müşahidə olunub.
Araşdırmada qeyd edilir ki, evlilik qərarına kənar sosial və iqtisadi təzyiqlərin təsiri də münasibətin uzunömürlülüyünə mənfi təsir göstərə bilər. Alimlər bildirirlər ki, yüksək xərcli toylar münasibətin keyfiyyətini deyil, daha çox sosial gözləntiləri əks etdirə bilər və bu da uzunmüddətli evlilik sabitliyinə zəmanət vermir.
Fidan Hacızadə
Sfera.az