3100-dən çox məktəbdə şagird sağlamlığı və təhlükəsizliyi ilə bağlı monitorinqlər aparılıb.
Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
E.Bağırov deyib ki, şagirdlərin sağlamlığı və təhlükəsizliyi istiqamətində müəssisələrə göndərilən təlimatların icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə regional təhsil idarələri tərəfindən cari ilin ilk iki ayı ərzində 3100-dən çox məktəbdə monitorinqlər həyata keçirilib:
"Bu cür monitorinqlər zamanı sanitar-gigiyenik vəziyyət, şagirdlərin maarifləndirilməsi istiqamətində görülən tədbirlər, sosial-psixoloji xidmətlərin fəaliyyəti, məktəblərin infrastruktur durumu, eləcə də bullinq əleyhinə tədbirlərin icrası kimi məsələlər nəzərdən keçirilib. Monitorinqlər məktəblərdə təhlükəsiz və sağlam tədris mühitinin təmin olunmasına xidmət edir".
Firuzə Əliyeva
Sfera.az