Dünyaca məşhur pop ulduzu Taylor Svift süni intellekt və "deepfake" texnologiyalarına qarşı mübarizədə yeni addım atıb.


 


Müğənni öz səsini və xarici görünüşünü qorumaq məqsədilə ABŞ Patent və Ticarət Nişanları Ofisinə (USPTO) rəsmi müraciət ünvanlayıb.


 


Sfera.az xəbər verir ki, bu addım süni intellekt vasitəsilə yaradılan saxta reklamlar, mahnılar, siyasi mesajlar və qeyri-etik görüntülərin qarşısını almaq məqsədi daşıyır. Təqdim olunan sənədlərdə Sviftin iki səs yazısı və bir vizual təsviri markalaşdırılmaq üçün yer alıb.


 


Birinci klipdə müğənni "Salam, mən Taylor Sviftəm, yeni albomum “The Life of a Showgirl”ü dinləyə bilərsiniz" deyir. İkinci klipdə isə albomun 3 oktyabrda işıq üzü görəcəyi və "Spotify"da ön sifarişin mümkünlüyü qeyd olunub. Səhnədə parıltılı geyimdə və əlində çəhrayı gitara tutmuş Sviftin özünəməxsus obrazı ticarət nişanı kimi qeydiyyata alınıb. Sviftin vəkili Coş Gerben bildirib ki, ənənəvi müəllif hüquqları mövcud musiqiləri qorusa da, süni intellektin heç bir qeydi kopyalamadan tamamilə yeni, lakin sənətçinin səsinə bənzəyən məzmunlar yaratması hüquqi boşluq yaradır.


 


"Bu müraciətlər sənətçinin geyimindən tutmuş səhnədəki duruşuna qədər hər bir detalı qorumaq üçündür. Bu, manipulyasiya edilmiş məzmunlara qarşı hüquqi mübarizəni xeyli asanlaşdıracaq",– deyə vəkil qeyd edib.


 


Qeyd edək ki, tanınmış bir şəxsin səsini brend kimi qeydiyyatdan keçirməsi hələ geniş yayılmamış yeni bir praktikadır. Taylor Sviftin bu gedişi sənət dünyasında bir ilk kimi qiymətləndirilib.


 


Xatırladaq ki, aktyor Metyu Makkonahi də oxşar fikirlərlə çıxış edərək, süni intellektlə yaradılan məzmunlarda mülkiyyət qaydalarının sərtləşdirilməsinin vacibliyini vurğulayıb.


 


Bəsti Rəfizadə


Sfera.az