ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə texnologiya nəhəngi “Google” arasında süni intellekt modellərinin gizli layihələrdə istifadəsinə icazə verən razılaşma imzalanıb.


 


Sfera.az xəbər verir ki, “The Information” saytının yaydığı məlumata görə, razılaşma Pentaqona “Google”ın süni intellekt texnologiyalarından “hökumətin qanuni məqsədləri üçün” istifadə etməyə imkan verir. Bildirilib ki, saziş hökumətin tələbi əsasında “Google”ın süni intellekt təhlükəsizlik ayarları və filtrlərinin tənzimlənməsinə dəstək verməsini də nəzərdə tutub.


 


Razılaşmada qeyd olunub ki, tərəflər süni intellekt sistemlərinin müvafiq insan nəzarəti və idarəçiliyi olmadan ölkədaxili kütləvi müşahidə və ya avtonom silahlar, o cümlədən hədəf seçimi üçün nəzərdə tutulmadığı və bu məqsədlərlə istifadə edilməməli olduğu barədə ortaq mövqedədir. Bununla yanaşı vurğulanıb ki, saziş “Google”a hüquqi və operativ qərarvermə proseslərini nəzarətdə saxlamaq və ya veto etmək hüququ vermir.


 


Digər tərəfdən, “Google”da çalışan təxminən 600 əməkdaş şirkətin baş icraçı direktoru Sundar Piçaiyə məktub ünvanlayaraq, şirkətin süni intellekt alətlərinin Pentaqon tərəfindən gizli işlərdə istifadəsinə icazə verilməməsini tələb edib. Süni intellekt layihələrində çalışan əməkdaşlar məktubda bildiriblər ki, bu texnologiyaya yaxınlıqları onun etikadan kənar və təhlükəli istifadələrini önləmək məsuliyyəti yaradır. “Bu səbəbdən süni intellekt sistemlərimizi gizli işlər üçün istifadəyə verməkdən imtina etməyinizi xahiş edirik.


 


Süni intellektin bəşəriyyətə fayda verməsini istəyirik, insanlıqdan uzaq və son dərəcə zərərli məqsədlər üçün istifadə edilməsini yox. Bu sahədə çalışanlar kimi bu sistemlərin səhv edə bildiyini bilirik”,– deyə məktubda qeyd olunub. Məktubda ölümcül avtonom silahlar və genişmiqyaslı müşahidə texnologiyaları süni intellektin mümkün sui-istifadə nümunələri kimi göstərilib. Əməkdaşlar xəbərdarlıq ediblər ki, bu mərhələdə veriləcək yanlış qərar “Google”ın nüfuzuna, biznesinə və qlobal mövqeyinə ciddi zərbə vura bilər.


 


Bəsti Rəfizadə


Sfera.az