“The New York Times” ABŞ rəsmilərinə istinadla məlumat yayıb ki, İranın Ali rəhbəri Müctəba Xamenei və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nüvə məsələsində ABŞ-yə güzəştə getməkdə maraqlı deyil.
Amerika rəsmiləri İran rəhbərliyinin bu mövqeyinin müharibəyə səbəb ola biləcəyini bildiriblər.
“ABŞ administrasiyasında hesab edirlər ki, İranın danışıqlar üzrə nümayəndə heyətinə Ali rəhbər Müctəba Xamenei və SEPAH tərəfindən nüvə məsələsində hansısa güzəştə razılaşmaq üçün səlahiyyət verilməyib. Rəsmilərin fikrincə, buna görə də, hərbi əməliyyatlar bərpa edilmədən İranın mövqeyində dəyişiklik gözləmək üçün əsas yoxdur”, - nəşr yazıb.
ABŞ rəsmilərinin açıqladığı bu məlumat fonunda İran rəhbərliyinin nüvə məsələsində geri addım atmaması yeni müharibə riskini artırırmı? Belə bir ssenari baş verərsə, regionda qüvvələr balansı necə dəyişə bilər?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, Amerikanın belə bir mövqe sərgiləməsi qarşıdurma üçün, yenidən savaşı başlatmaq üçün əsas və yaxud bəhanə ola bilər:
“İran tərəfinə gəldikdə isə, onlar nüvə məsələlərində, xüsusilə uranın verilməsi ilə bağlı danışıqların aparılmasını istisna etmirlər. Amma bunun üçüncü mərhələdə, yəni sonuncu mərhələdə olmasını istəyirlər. Bu da onu göstərir ki, mümkündür, bu məsələdə hansısa kompromislər var, lakin həmin kompromislərin yenidən müzakirə olunmasına ehtiyac var. Bildiyim qədər tərəflər arasında danışıqlar gedir. Ekspertlər səviyyəsində müəyyən müzakirələr aparılır. Əraqçinin son Oman səfəri, eləcə də Rusiyaya, Sankt-Peterburqa getməsi də təsadüfi deyil. Böyük ehtimalla, o həm Hörmüz boğazı məsələsində Omanla, həm də nüvə məsələsində, konkret olaraq zənginləşdirilmiş uranın təhvil verilməsi və proqramın müəyyən müddətə dondurulması mövzusunda Rusiya ilə danışıqlar aparıb, bəzi razılaşmalar əldə etməyə çalışıb”.
Politoloq qeyd edib ki, bundan sonra, yəqin ki, Amerika tərəfi də bu məsələdə uzlaşma imkanlarını nəzərdən keçirəcək:
“Böyük ehtimalla, hətta ekspertlərin rəyinə görə, ilkin razılaşmalar da mövcuddur. Amma bu razılaşmaların növbəti qarşıdurmadan sonra reallaşması da mümkündür. Əlbəttə, belə bir müharibə riski var və bu, regiona da təsir edir. Növbəti dəfə savaş ehtimalı kifayət qədər ciddidir”.
Fidan Hacızadə
Sfera.az