"The Atlantic" nəşrinin məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens qapalı müzakirələrdə İranla müharibə fonunda ölkənin hərbi ehtiyatları ilə bağlı ciddi narahatlığını dilə gətirib.
Vens xüsusilə əsas döyüş sursatlarının sürətlə azalması ehtimalından ehtiyat edir. Onun fikrincə, bu proses davam edərsə, ABŞ-nin digər mümkün münaqişələrə hazır olma qabiliyyəti zəifləyə bilər.
Belə olan halda razılaşmanın yaxın zamanda əldə olunacağı ehtimalı gözləniləndirmi?
Siyasi şərhçi Çingiz Şahbazi Sfera.az-a açıqlamasında Vaşinqton daxilində İranla bağlı Tramp strategiyasının istənilən nəticəni verməməsi, fikir ayrılıqlarının getdikcə daha da dərinləşməsinə səbəb olduğunu deyib. Onun sözlərinə görə, bu vəziyyət əlbəttə ki, ABŞ-nin İranla razılaşmaya getmə ehtimalını həm artırır, həm də çətinləşdirir:
“ABŞ vitse-prezidenti Vensin qapalı müzakirələr zamanı Pentaqonun İran müharibəsi ilə bağlı təqdim etdiyi optimist mənzərəni qiymətləndirməsi və sorğulaması da bu qəbildəndir. Yuxarıda qeyd etdiyim kimi, bu, yürüdülən siyasətin ətrafında baş verən fikir ayrılıqlarından irəli gəlir və hesab edirəm ki, bütün bunlar İran müharibəsinin tezliklə bitməsinə yönəlik addımlardır. Vens xüsusilə raket və hava hücumundan müdafiə sursatlarının sürətlə tükənməsindən narahat olduğunu bildirib. Bu o deməkdir ki, İran müharibəsi uzanarsa, ABŞ-ni tükətməkdə davam edəcək və ABŞ-nin Tayvan, Koreya yarımadası və ya digər coğrafiyalarda mümkün paralel böhranlara cavab vermək imkanlarını zəiflədə bilər. Bu baxımdan, bu mənzərə İranla bağlı diplomatik razılaşma ehtimalını artırır. Sursat ehtiyatlarının azalması, müharibənin uzanmasının siyasi və iqtisadi baxımdan xərcləri, həmçinin Hörmüz boğazı və ətrafında risklər Vaşinqtonu daha sürətli diplomatik həll yollarına sövq etməyə məcbur edir. Bu baxımdan ABŞ-nin İranı sıxışdırması və şərtləri tezliklə nəzərdən keçirməsini tələb edir”.
Ç. Şahbazinin fikrincə, əldə olunan atəşkəs çox kövrəkdir və tərəflər bir-birinə qarşı pozuntularla bağlı ittihamlar edirlər – belə bir vəziyyətdə hər an hərbi əməliyyatlara başlamaq ehtimalı yüksəkdir:
“Eyni zamanda tərəflər geri addım atmaq istəmirlər və bunu zəif görünmək kimi qəbul edirlər. Bu isə danışıqlarda nəticəyə varılmasına mane olur. Vensin açıqlaması əsas verir ki, deyək Tramp administrasiyası müvəqqəti anlaşma modelinə gedə bilər. Bu qismən də olsa razılaşma ehtimalı yaradır. Belə olan təqdirdə Hörmüz boğazında gərginlik azala bilər. İranın uranın zənginləşdirilməsi məhdudlaşa bilər, müəyyən sanksiyalar yumşaldıla bilər və sairə. Amma tammiqyaslı nüvə sazişi qısa müddətdə çətin görünür. Daha real variant olaraq atəşkəs rejimi və məhdud diplomatik paket yaxın vaxtlarda baş verə bilər”.
Fidan Hacızadə
Sfera.az