Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın məqsədinin yalnız Ukrayna ilə məhdudlaşmadığını bəyan edib.


 


O bildirib ki, Moskva Ukrayna ərazilərini ələ keçirməklə digər ölkələrə qarşı da oxşar addımlar atmaq niyyətindədir. Onun sözlərinə görə, əgər Rusiya bir qonşu ölkə üzərində buna nail olarsa, eyni ssenarini digərlərinə qarşı da tətbiq edəcək. Zelenski bu yanaşmanın region üçün ciddi təhlükə yaratdığını vurğulayıb.


 


Zelenskinin çıxışına əsasən Rusiyanın növbəti planı necə ola bilər? Hədəf ölkə hansıdır?


 


Sfera.az-a bu barədə açıqlama verən politoloq Elçin Xalidbəyli söyləyib ki, hər kəs bilir ki, Rusiya postsovet məkanını özünün nəzarət bölgəsi hesab edir və həmin ərazilərə Qərb ölkələrinin yaxınlaşmasını istəmir:


 



 


“Eyni zamanda postsovet dövlətlərinin də Rusiyanın mövqeyini nəzərə almadan hər hansı Qərb ölkəsi ilə münasibətlər qurmasına olduqca qıcıqla yanaşır, hətta belə addımları xəyanət kimi qəbul edir. Halbuki hər hansı müstəqil dövlətin, o cümlədən postsovet ölkələrinin müstəqil xarici siyasət yürütməsi hansı səbəbdən Rusiyaya xəyanət kimi qiymətləndirildiyini məntiqlə izah etmək mümkün deyil. Çünki Rusiya özü müxtəlif addımlar atanda və beynəlxalq münasibətlər quranda digər postsovet ölkələrinin mövqeyini nəzərə almağa ehtiyac görmür. Bu isə onu göstərir ki, Moskva həmin dövlətlərin müstəqilliyini tam qəbul etməyib və onları hələ də öz təsir dairəsinin tərkib hissəsi kimi görür. Rusiyanın strateqləri, o cümlədən Aleksandr Duqin dəfələrlə postsovet məkanının yenidən Rusiyanın sərhədləri daxilinə qaytarılması ilə bağlı açıq mesajlar veriblər. Buna görə də Rusiyanın gələcək planları sırasında keçmiş SSRİ sərhədləri çərçivəsində Rusiya imperiya modelinin bərpası iddialarının olduğu sirr deyil. Son vaxtlar Rusiyanın siyasi dairələrindən səslənən açıqlamalar da bunu göstərir.


 


Politoloqun sözlərinə görə, bu fikirlərə əsasən belə qənaət yaranır ki, ilk növbədə Moskvanın diqqət mərkəzində Moldova dayanır:


 


“Moldovanın Pridnestrovye bölgəsində yaşayan əhaliyə kütləvi şəkildə Rusiya pasportlarının verilməsi gələcək müdaxilə üçün zəmin kimi qiymətləndirilir. Həmin şəxsləri Rusiya vətəndaşı hesab edərək bölgəyə nəzarəti artırmaq cəhdi mümkündür. Bu isə bütövlükdə Moldovaya təzyiq və ya müdaxilə riskini artırır. Eyni zamanda Orta Asiya ölkələri də Rusiyanın mümkün hədəfləri sırasında göstərilir. Qırğızıstan, Özbəkistan və Qazaxıstan kimi dövlətlərə münasibətdə Moskvanın həssas yanaşdığı müşahidə olunur. Hətta Qırğızıstanda yer adlarının milliləşdirilməsi belə, Rusiyada narazılıqla qarşılanır. Halbuki hər bir xalq öz yaşayış məntəqələrini milli və tarixi toponimlərlə adlandırmaq hüququna malikdir. Beləliklə, əsas risk zonasının hazırda Moldova və Orta Asiya ölkələri olduğu düşünülür. Əgər Rusiya bu istiqamətdə addımlar atsa və müəyyən nəticələr əldə etsə, gələcəkdə digər postsovet ölkələrinin də hədəfə çevrilməsi ehtimalı artır”.


 


Fidan Hacızadə


Sfera.az