“Paris Sen-Jermen” klubu “Bayern Münhen” üzərində Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda dramatik qələbə qazanıb.
Sfera.az xəbər verir ki, Parisdə keçirilən qarşılaşma meydan sahiblərinin 5-4 hesablı üstünlüyü ilə başa çatıb. Gərgin və bol qollu keçən görüşdə PSJ-nin heyətində Xviça Kvaratskhelia (24, 56), Joao Neves (33) və Usman Dembele (45+5, pen., 58) fərqləniblər. Münhen təmsilçisinin qollarını isə Harri Keyn (17, pen.), Maykl Oliseh (41), Dayot Upamekano (65) və Luis Diaz (68) vurub. Bu qarşılaşma Çempionlar Liqasının yarımfinal tarixində bir sıra rekordlarla yadda qalıb.
Belə ki, ilk dəfə olaraq yarımfinalın ilk hissəsində 5 qol vurulub (3-2). Ümumilikdə isə oyunda 9 qol qeydə alınıb ki, bu da mərhələ tarixində nadir nəticələrdən biridir. “Bavariya” həmçinin 1994/95 mövsümündən sonra ilk dəfə Avropa turnirlərində bir oyunda 5 qol buraxıb. Həmin mövsümdə alman klubu “Ayaks”a 2-5 hesabı ilə uduzmuşdu. Yarımfinal mərhələsində daha əvvəl ən məhsuldar oyunlar 2018-ci ildə “Liverpul” – “Roma” (5-2) və 2022-ci ildə “Mançester Siti” – “Real Madrid” (4-3) qarşılaşmaları olmuşdu. Cavab oyunu mayın 6-da Münhendə keçiriləcək. Digər yarımfinal cütlüyündə isə “Arsenal” və “Atletiko Madrid” üz-üzə gələcək. Bu komandalar arasında ilk matç aprelin 29-da Madriddə baş tutacaq.
Qeyd edək ki, final mayın 30-da Budapeşt şəhərində keçiriləcək. Hazırkı çempion PSJ ötən mövsüm finalda İnter üzərində 5-0 hesablı qələbə qazanaraq tarixində ilk dəfə kuboka sahib çıxıb. Turnirin ən titullu komandası isə 15 çempionluqla “Real Madrid”dir.
Niyaz
Sfera.az