İngiltərə Kralı III Çarlz ABŞ Konqresində etdiyi tarixi çıxış zamanı ABŞ Prezidenti Donald Trampa dolayısı ilə cavab verərək diqqət çəkən bir ifadə səsləndirib. Onun çıxışı həm diplomatik mesajları, həm də yumor dolu göndərmələri ilə gündəmə çevrilib.




Sfera.az xəbər verir ki, Kral Çarlz konqresdə çıxışı zamanı Trampın daha əvvəl Davos forumunda səsləndirdiyi “Əgər ABŞ olmasaydı, Avropa alman dilində danışardı” fikrinə toxunub və buna ironik cavab verib.


 


Kral çıxışında “Cəsarətlə deyə bilərəm ki, biz olmasaydıq, siz fransızca danışardınız” ifadəsini işlədib. Bu sözlər zalda yüngül təbəssüm və diqqətə səbəb olub.




Kral III Çarlz ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatının birgə iclasında çıxış edən ilk Britaniya monarxı kimi tarixə düşüb. O, həmçinin 1991-ci ildə Kraliça Elizabetdən sonra konqresdə çıxış edən Britaniya kral ailəsinin ikinci üzvü olub. Bu baxımdan çıxış ABŞ-Böyük Britaniya münasibətlərində simvolik və tarixi hadisə kimi qiymətləndirilib.




Kral III Çarlz Ağ Evdə keçirilən rəsmi proqramdan sonra konqresə yollanaraq ABŞ qanunvericilərinə müraciət edib. O, çıxışı zamanı təkcə iki ölkə arasındakı münasibətlərə deyil, həm də dünya gündəminə toxunub. Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklərdən danışaraq bildirib ki, dünya hazırda “böyük qeyri-müəyyənlik dövründən” keçir və belə bir vaxtda beynəlxalq əməkdaşlıq daha da vacibdir.




O, ABŞ və Böyük Britaniyanın tarix boyu böhran anlarında birlikdə hərəkət etdiyini vurğulayıb və bu əməkdaşlığın təkcə iki ölkə üçün deyil, qlobal sabitlik üçün də mühüm rol oynadığını qeyd edib. Kral III Çarlz iki ölkə arasındakı münasibətləri “qohumluq, ortaq tarix və dəyərlərlə bağlı qırılmaz bağ” kimi xarakterizə edib.


 


Mənsumə

Sfera.az