Avropa dünyanın ən sürətlə isinən bölgəsi elan edilib. Təxminən 100 alimin iştirakı ilə hazırlanan yeni iqlim hesabatı qorxulu mənzərəni ortaya qoyub.
Sfera.az xəbər verir ki, Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzi və Ümumdünya Meteorologiya Təşkilatı "Avropa İklim Vəziyyəti 2025" hesabatını dərc edib. Sənədə əsasən, ötən il qitənin demək olar ki, hər yerində temperaturlar qlobal ortalamadan yüksək qeydə alınıb.
Hesabatda bildirilib ki, Avropanın 95 faizində illik temperatur normadan artıq olub. Bu isə təbiətə bərpaolunmaz ziyan vurub. İslandiyada müşahidələr tarixdə ikinci ən böyük buzlaq itkisi yaşandığını ortaya qoyub. Qrenlandiya buz təbəqəsi 139 milyard ton buz itirib. Bu rəqəm Avropa Alplarındakı bütün buzlaqların cəmindən 1.5 dəfə çoxdur. Avropa dənizlərində temperatur rekordu qırılıb və dəniz səthinin istiliyi tarixin ən yüksək səviyyəsinə çatıb. İqlim böhranı təkcə istiliklə deyil, həm də ciddi su qıtlığı ilə müşayiət olunub.
Hesabata görə, Avropadakı çayların 70 faizində suyun səviyyəsi kəskin azalıb. 2025-ci il torpaq rütubəti baxımından son 33 ilin ən quraq üç ilindən biri kimi tarixə düşüb. Quraqlıq isə meşə yanğınlarını alovlandırıb. İsti və quraq hava şəraiti nəticəsində təxminən 1 milyon 34 min hektar ərazi külə dönüb. Bu, indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.
Yanğınlar nəticəsində yaranan karbon emissiyasının yarısı isə təkbaşına İspaniyanın payına düşüb. Mütəxəssislər xəbərdarlıq edib ki, sürətli isinmə Aralıq dənizindən Şimal qütbünə qədər bütün ekosistemi və cəmiyyəti təhdid edir. Rekord istilər, bioloji müxtəlifliyin məhvi və dağıdıcı təbiət hadisələri Avropa üçün artıq "yeni norma"ya çevrilməkdədir.
Bəsti Rəfizadə
Sfera.az