Son dövrlərdə İran və ABŞ arasında münasibətlərin normallaşması ehtimalları yenidən müzakirə mövzusuna çevrilib və mümkün sülh ssenariləri diqqət mərkəzindədir. “CNN”in əldə etdiyi məlumata əsasən, İran və ABŞ arasında potensial sülh sazişi üçün münaqişə başlamazdan əvvəlki status-kvo bərpa oluna bilər.




Maraqlıdır, status-kvoya qayıdış hansı konkret siyasi və ya hərbi dəyişiklikləri əhatə edə bilər?




Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli Sfera.az-a açıqlama verib.


 


Onun sözlərinə görə, status-kvoya qayıtmaq üçün ilk növbədə İran hakimiyyətinə ciddi və konkret təminatlar verilməlidir:


 





“Bu təminatlar təkcə siyasi bəyanatlarla məhdudlaşmamalı, real mexanizmlərlə dəstəklənməlidir. Belə bir ssenaridə İranın əsas tələbləri, təhlükəsizlik zəmanətləri, zənginləşdirilmiş (saflaşdırılmış) uran məsələsində məhdudiyyətlərin qarşılıqlı razılaşdırılması və xaricdə dondurulmuş maliyyə vəsaitlərinin geri qaytarılması, gündəliyin mərkəzində dayanır. Bu şərtlər yerinə yetirilmədən Tehranın əvvəlki razılaşma çərçivəsinə dönməsi çətin görünür. Üstəlik, İran üçün bu məsələlər təkcə iqtisadi yox, həm də strateji və suverenlik məsələsi kimi qiymətləndirilir”.




Politoloq qeyd edib ki, digər tərəfdən, əgər İran status-kvoya qayıtmağa razı olarsa, bu, onun bölgədəki təsir alətlərinə, xüsusilə proksi qruplara münasibətində də dəyişikliklər tələb edə bilər:




“Lakin mövcud reallıq göstərir ki, Tehran bu təsir mexanizmlərindən imtina etməyə meylli deyil və onları regional balansın vacib elementi hesab edir. Bu səbəbdən status-kvoya tam qayıdış real görünmür. ABŞ-nin daha əvvəl bu istiqamətdə addım atmasına baxmayaraq, prosesin davamlı olmaması və razılaşmanın pozulması tərəflər arasında etimadı ciddi şəkildə zəiflədib. Nəticədə, indiki şəraitdə belə bir dönüş həm siyasi iradə, həm də qarşılıqlı etimad baxımından olduqca çətin görünür”.


 


Niyaz Hacıyev 

Sfera.az