1950-ci illərin məşhur “Superman” obrazı ilə tanınan amerikalı aktyor Corc Rivzin ölümü bu günə qədər Hollivud tarixinin ən müəmmalı hadisələrindən biri kimi qalır.


 


Sfera.az xəbər verir ki, 1959-cu il iyunun 16-da Los-Ancelesdəki evində baş verən ölüm hadisəsi rəsmi olaraq intihar kimi qeydə alınsa da, ortaya çıxan ziddiyyətli faktlar müxtəlif ehtimalları gündəmdə saxlayır. Hadisə gecə saatlarında, aktyorun evində qeydə alınıb. Məlumata görə, həmin vaxt evdə Rivzin nişanlısı Leonor Lemmon və bir neçə qonaq olub. Şahidlərin sözlərinə görə, aktyor səs-küydən narahat olaraq yataq otağına çəkilib.


 


Bir müddət sonra atəş səsi eşidilib və Rivz baş nahiyəsindən aldığı güllə yarası ilə ölü tapılıb. Aparılan ilkin istintaq və tibbi ekspertiza nəticəsində ölüm “özünü güllələmə” kimi qiymətləndirilib. Bildirilib ki, aktyorun cəsədi yataq otağında aşkar edilib və silah onun yaxınlığında olub. Karyerasında yaşadığı çətinliklər, xüsusilə “Superman” rolundan sonra digər layihələrdə yer almaqda çətinlik çəkməsi ehtimal olunan səbəblər kimi göstərilib.


 


Bununla belə, istintaq materiallarında yer alan bəzi detallar rəsmi versiyanı şübhə altına alıb. Həmçinin, istintaq nəticələrində silah üzərində barmaq izi tapılmayıb, Rivzin əlində barıt izi müəyyən edilməyib. Bununla yanaşı otaqda birdən çox güllə izi aşkarlanıb və patron gilizi qeyri-adi vəziyyətdə tapılıb. Hadisədən əvvəl və sonra şahid ifadələrində ziddiyyətlər qeydə alınıb.


 


Bundan əlavə, hadisə yerində intihar məktubu aşkar edilməyib. İllərdir davam edən müzakirələrdə bir neçə versiya ön plana çıxıb. Bunlardan biri aktyorun şəxsi münasibətləri ilə bağlı mümkün qətl ehtimalıdır. Xüsusilə Rivzin keçmiş münasibətdə olduğu Toni Mannix və onun ətrafı ilə bağlı iddialar tez-tez gündəmə gətirilir. Digər ehtimallar arasında təsadüfi atəş və ya hadisənin sonradan intihar kimi təqdim edilməsi versiyası da yer alır. Aktyorun anası rəsmi nəticə ilə razılaşmayaraq işin yenidən araşdırılmasını tələb edib. Aparılan əlavə yoxlamalar da ölümün intihar olduğunu təsdiqləsə də, şübhələr tam aradan qalxmayıb.


 


Fidan Hacızadə


Sfera.az