Proqnozlara əsasən neft qiymətləri payız aylarına kimi yüksək səviyyədə qalacaq və bu dünyada qiymətlərin artımına da təsir edəcək. Buna səbəb ABŞ-nin uzun müddət Hörmüz boğazını blokada da saxlaması olacaq. İddialara görə, indiki kimi yüksək neft qiymətləri ABŞ üçün əlverişlidir.
Bu, həqiqətən belədir? Baha neft ABŞ iqtisadiyyatına hansı üstünlüklər gətirir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert, REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Amerika Birləşmiş Ştatları hazırda dünyada ən böyük neft istehsalçısıdır.
Onun sözlərinə görə, ölkədə gündəlik neft hasilatı 14 milyon barrelə yaxınlaşır və ABŞ artıq ən böyük ixracatçılardan birinə çevrilib:
“Son iki həftədə ABŞ gündəlik 5,2 milyon barrel neft ixrac edərək rekord həddə çatıb. Bu isə təbii olaraq ölkənin gəlirlərini artırır. Bundan əlavə, ABŞ-nin Venesuela nefti üzərində təsir imkanlarının genişlənməsi və yaxın aylarda bu ölkədə hasilatın artacağı ilə bağlı proqnozlar da nəzərə alınarsa, yüksək qiymətlər Amerikaya əlavə üstünlüklər qazandırır”.
Ekspert qeyd edib ki, baha neft ilk növbədə ABŞ-də fəaliyyət göstərən enerji şirkətlərinin maliyyə dayanıqlığını gücləndirir, bu şirkətlər yüksək gəlirlər hesabına gələcəkdə daha çox investisiya qoymaq imkanı əldə edirlər:
“Bir-iki ay ərzində neft qiymətlərinin yüksək qalması ABŞ iqtisadiyyatına əlavə olaraq 70-80 milyard dollar məbləğində gəlir gətirə bilər. Bu vəsait sonradan həm daxili layihələrə, həm də xarici bazarlarda, o cümlədən Venesuelada investisiyalara yönəldilə bilər”.
Bununla belə, Natiq Cəfərli vurğulayıb ki, yüksək neft qiymətlərinin ABŞ üçün mənfi tərəfləri də var:
"Əsas problem benzin qiymətlərinin artmasıdır. ABŞ avtomobil ölkəsidir və benzin qiymətlərinin yüksəlməsi əhali arasında narazılıq yaradır. Üstəlik, bu il seçki ilidir – noyabrın ilk həftəsində Konqresin hər iki palatası yenilənəcək. Ona görə də yüksək enerji qiymətləri administrasiyanı narahat etməyə bilməz”.
Ekspertin fikrincə, seçkilərə yaxın dövrdə enerji qiymətlərində müəyyən eniş müşahidə oluna bilər:
“Mən düşünürəm ki, seçkilərə iki-üç ay qalmış neft qiymətlərində ucuzlaşma baş verə bilər. Bu, daxili bazarda benzin qiymətlərinin aşağı düşməsinə və seçicilərin narazılığının azalmasına xidmət edəcək.
Beləliklə, yüksək neft qiymətləri qısa müddətdə ABŞ iqtisadiyyatına əlavə gəlirlər və investisiya imkanları qazandırsa da, daxili sosial və siyasi risklər səbəbindən uzunmüddətli perspektivdə tam şəkildə əlverişli hesab olunmur”.
Firuzə Əliyeva
Sfera.az