Dünyada yoxsulluq problemi hələ də qlobal çağırış olaraq qalır.


 


Birləşmiş Millətlər Təşkilatının (BMT) və Dünya Bankının son məlumatlarına görə, təxminən 700 milyon insan gündə cəmi 2,15 dollardan az gəlirlə yaşamağa məcburdur.


 


Sfera.az xəbər verir ki, 2024-cü il üzrə hesablamalara əsasən, dünya əhalisinin təxminən 8,5 faizi ifrat yoxsulluq həddinin altında yaşayır. Məlumatlar göstərir ki, daha 1 milyard insan gündə 2,15-3,65 dollar arasında gəlirlə dolanır, dünya əhalisinin demək olar ki, yarısı isə gündə 6,85 dollardan az qazanır. Pandemiya yoxsulluğun artmasına ciddi təsir göstərib.


 


Birləşmiş Millətlər Təşkilatı bildirir ki, 1990-2019-cu illər ərzində yoxsulluğun azaldılması istiqamətində mühüm irəliləyişlər əldə olunsa da COVID-19 pandemiyası və sonrakı iqtisadi böhranlar bu prosesi demək olar ki, dayandırıb. 2019-cu ildən sonra isə yoxsulluğun azaldılmasında əhəmiyyətli irəliləyiş qeydə alınmayıb. Proqnozlara əsasən, 2030-cu ilə qədər dünya əhalisinin təxminən 7,3 faizi hələ də ifrat yoxsulluq şəraitində yaşayacaq. Bu müddət ərzində cəmi 69 milyon insanın yoxsulluqdan xilas olacağı gözlənilir.


 


Ən kasıb ölkələr əsasən Afrika qitəsində yerləşir. Beynəlxalq Valyuta Fondunun 2025-ci ilin aprel ayına dair “Dünya İqtisadi Görünüşü” hesabatına əsasən, adambaşına düşən ÜDM göstəricisinə görə ən aşağı nəticələr əsasən Saharaaltı Afrikaya aiddir. Siyahıya 251 dollarla Cənubi Sudan başçılıq edir. Onu 417 dollarla Yəmən və 490 dollarla Burundi izləyir. Daha sonra Mərkəzi Afrika Respublikası, Malavi, Madaqaskar, Sudan, Mozambik, Konqo Demokratik Respublikası və Niger ilk onluqda yer alır. Son 25 ildə yoxsulluğun azaldılmasında ən böyük irəliləyiş Şərqi Asiya, Sakit okean və Cənubi Asiya regionlarında müşahidə olunsa da, Afrika qitəsi hələ də qlobal yoxsulluq səviyyəsinin ən yüksək olduğu bölgə olaraq qalır.


 


Mənsumə


Sfera.az