Bir çox pişik sahibi ev heyvanlarının su qabına pəncələrini salaraq uzun müddət su ilə “oynamasını” sadəcə əyləncə kimi qəbul edir. Lakin mütəxəssislərə görə, bu davranışın arxasında minilliklərdən gələn instinktiv sağ qalma strategiyaları dayanır.
Sfera.az xəbər verir ki, pişiklər su içməzdən əvvəl pəncələri ilə suyu yoxlayaraq ətraf mühiti nəzarətdə saxlayırlar.
Bu, onların vəhşi təbiətdən qalan müdafiə instinkti ilə bağlıdır. Başını qabın içinə salmaq pişik üçün həssaslıq yaradır və ətrafı görməsini çətinləşdirir. Xüsusilə dar və ya divara yaxın yerləşən su qabları bu narahatlığı daha da artırır.
Bununla yanaşı, “bığ yorğunluğu” deyilən bir vəziyyət də bu davranışa təsir edir. Dar və dərin qablarda pişiyin həssas bığları divarlara toxunaraq narahatlıq yarada bilər. Bu səbəbdən pişiklər suyu birbaşa içmək əvəzinə, pəncələri ilə suyu hərəkətə gətirərək daha rahat şəkildə qəbul etməyə çalışırlar.
Araşdırmalara görə, pişiklər durğun sudan çox hərəkət edən suyu daha təhlükəsiz hesab edirlər. Pəncənin suya toxunması nəticəsində yaranan dalğalanma onların instinktiv olaraq “təzə su” siqnalı kimi qəbul edilir.
Su qabının yerləşdirilməsi də bu davranışa təsir edir. Qapalı və dar yerlərdə olan qablar pişiklərdə narahatlıq yarada bilər. Açıq və geniş sahələrdə yerləşdirilən su qabları isə onların özünü daha təhlükəsiz hiss etməsinə kömək edir.
Mütəxəssislər pişiklər üçün geniş və dayaz qabların seçilməsini, həmçinin axar su təmin edən fəvvarə tipli içməli sistemlərdən istifadə olunmasını tövsiyə edirlər. Bu, həm onların instinktiv ehtiyaclarını qarşılayır, həm də daha rahat su içmələrinə şərait yaradır.
Beləliklə, pişiklərin “oyun kimi görünən” bu davranışı əslində tamamilə təbii və instinktiv bir ehtiyacdan qaynaqlanır.
Mənsumə
Sfera.az