İranın Qahirədəki səfiri Müctəba Firdovsi Pur bildirib ki, İran Rusiyanın Tehran və Vaşinqton arasındakı mümkün razılaşmasının icrasına qarant ola biləcəyini düşünür.


 


Diplomat qeyd edib ki, Tehran Moskva ilə birlikdə müharibənin başa çatdırılması istiqamətində səylərini davam etdirir.


 


Söhbət konkret hansı səylərdən gedir və Rusiyanın sülhün təmin olunmasında rolu nə dərəcədə prioritetdir?


 


Politoloq Oqtay Qasımov Sfera.az-a açıqlamasında bildirib ki, İran xarici işlər naziri Əraqçinin son Moskva səfəri və Putinlə görüşündən sonra belə iddialar ortaya çıxdı ki, İran Pakistanın vasitəçiliyindən daha çox Rusiyaya üstünlük verir və hesab edir ki, bu savaşın dayandırılmasında Putinin daha geniş imkanları var:


 



 


“Rusiya İranın strateji tərəfdaşıdır, eyni zamanda ABŞ-lə də, xüsusilə Putin-Tramp münasibətlərində müsbət dinamika var. O baxımdan bu savaşı Rusiyanın səyləri ilə dayandırmaq olar. Amma düşünürəm ki, bu, ilk baxışdan inandırıcı bir versiya kimi görünsə də, Donald Trampın məsələlərə baxışı konkretdir və əsas hədəf İranın nüvə silahı və nüvə proqramından imtinasıdır. Daha doğrusu, nüvə silahı yaradılmaması ilə bağlı öhdəlik götürməsi və 440 kiloqramlıq zənginləşdirilmiş uranın üçüncü ölkəyə verilməsi tələbidir. Bununla yanaşı ikinci əsas istək isə Hörmüz boğazının açılmasıdır. Hazırda bu iki məsələ həllini tapmalıdır və düyün nöqtəsi bunların üzərindədir”.


 


O.Qasımov əlavə edib ki, bu səbəbdən yaxın zaman üçün Rusiyanın bu istiqamətdə hansısa təklif yaxud təşəbbüslə prosesi irəli aparmaq imkanlarının olduğunu düşünmür:


 


“Əlbəttə, Rusiya çox maraqlıdır ki, bu prosesdə iştirak etsin və İran məsələsini ABŞ ilə müzakirə etsin. Çünki Putin düşünür ki, bu prosesdə onun iştirakı Ukrayna savaşında Amerikadan müəyyən güzəştlər almasına gətirib çıxara bilər. Bu baxımdan Rusiya tərəfindən də belə bir təşəbbüsün olacağı düşünülür”.


 


Fidan Hacızadə


Sfera.az