İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi bildirib ki, İranı vurmağa davam etmək lazımdır, lakin sonda hakimiyyəti xalq ələ keçirəcək.


 


O qeyd edib ki, kənar dəstək var, amma bu prosesin davamlı olması vacibdir.


 


Yaxın zamanda İranda rejim dəyişikliyi nə qədər real görünür? Xarici güclərin bu məsələdə mövqeyi nədir və Rza Pəhləvi konkret olaraq hansı qüvvələrin açıq dəstəyini gözləyir?


 


Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Elnur Ənvəroğlu İranda yaxın zamanda hakimiyyətin dəyişməsi və ya daxildə çevriliş imkanının real olmadığını bildirib. Onun sözlərinə görə, Rza Pəhləvi kampaniyası təbii ki, İsrail və ABŞ qüvvələrindən, habelə daxildə hakimiyyətə qarşı daha sərt mövqedə olan iranlılardan ibarətdir:


 



 


“Amma burada etimad əsas rol oynamalıdır ki, bu da Pəhləviyə qarşı olduqca aşağı səviyyədədir. O, hazırda İranda real hakimiyyəti idarə edə biləcək fiqur kimi qəbul edilmir. Əksinə, onun hakimiyyətə gətirilməsi İran üçün xarici qüvvələrin tam əlində idarə edilməsi anlamına gəlir. İranda kütlələr hər nə qədər hakimiyyətdən narazı olsalar da, onlarda fundamental ənənələrin qorunması, yad təsirlərin əlinə düşməmək prioritet təşkil edir”.


 


E. Ənvəroğlu qeyd edib ki, İran daxilində həm SEPAH, həm də Pəydar partiyası tərəfdarları hələ ki, hakimiyyətin əsas idarəetmə və qərarverici strukturunu təşkil edir və belə olduqda hakimiyyətə sədaqət sarsılmaz olaraq qalır:


 


“Hətta reformistlərin içərisində belə radikallaşmaya qarşı çıxanlar olsa da, yenə sonda ultra sağçılarla hesablaşırlar. Hakimiyyətin devrilməsi cəhdi yaxın praktikada uğursuz oldu və bu, xarici dəstəyə arxalanan kütlələrdə inamsızlıq və qorxu yaratdı. Bu səbəbdən də yaxın zamanda düşünmürəm ki, ABŞ-İsrail qüvvələrinin dəstəyi ilə xalqı hakimiyyətə qarşı ayağa qaldırmaq və müsbət nəticə əldə etmək cəhdi baş tutsun.


 


Lakin bir istisna var ki, bu da hakimiyyətin uzun zaman daxildə iqtisadi çatışmazlıqlar fonunda tab gətirə bilməsidir. Çünki özünü məhv etmə və ya məhv olma fəlsəfəsi yalnız iqtisadiyyat zəncirinə tabedir. Dolayısı ilə İranda mövcud teokratik hakimiyyət bir gün özü-özlüyündə iqtisadiyyat halqasından qopduqca tənəzzülünü yaşamış olacaq. Bu, yaxın gələcəyə aid deyil, sadəcə bir neçə onillikdə labüd ola bilər”.


 


Fidan Hacızadə


Sfera.az