ABŞ Prezidenti Donald Trampın İsrail Baş naziri Benyamin Netanyahuya Livandakı atəşkəsi təhlükəyə atacaq hücumlardan qaçınması barədə xəbərdarlıq etdiyi iddia edilib.


 


Prezident Tramp Livan ilə İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha 3 həftə uzadıldığını bəyan edib. Atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın cənubunda işğal etdiyi ərazilərə və şimaldakı yaşayış məntəqələrinə hava və artilleriya zərbələri endirməyə davam edir.


 


Tramp nəyə görə İsrailin Livana hücum etməsini istəmir? Atəşkəsə baxmayaraq İsrailin hücumları davam etdirməsi razılaşmanın gələcəyini necə riskə atır?


 


Sfera.az-a bu haqda açıqlama verən siyasi şərhçi Şakir Ağayevin sözlərinə əsasən, atəşkəs qərarı alınsa da, proseslər hələ də sabit xarakter almayıb. Onun fikirlərinə əsasən, hətta ötən il də Livanla belə bir atəşkəs imzalanıb, lakin İsrail həmin atəşkəsə riayət etməyib:


 



 


“Bu gün də İsrail rəsmiləri, xüsusilə müdafiə naziri Kas və baş nazir Netanyahu açıq şəkildə bildirirlər ki, atəşkəsə tam riayət olunmayacaq. 17 apreldə elan edilən atəşkəs dövründə də İsrail dəfələrlə bu razılaşmanı pozub, hətta quru əməliyyatlarına belə start verib. Ona görə də mən bu fikrimi dəfələrlə demişəm və yenə təkrar edirəm ki, Netanyahu hakimiyyətdə qaldığı müddətdə İsrail bu və ya digər formada müharibə siyasətini davam etdirəcək”.


 


Ekspert Netanyahu ilə bağlı açılan cinayət işi ilə bağlı məqama da toxunub:


 


“12 apreldə İsrailin iki məhkəmə instansiyası onu prosesə çağırıb. Bütün bu müharibələr isə hələlik Netanyahunu həmin cinayət işinin təzyiqindən müəyyən mənada uzaq saxlayır. Eyni zamanda bu müharibələr Netanyahu və onun komandasının, ilk növbədə isə müdafiə naziri Kasın hakimiyyətdə qalmasını möhkəmləndirir. Bu baxımdan, Tramp dövründə bağlanmış bir neçə dövlətlərarası müharibə üzrə atəşkəsin dəfələrlə pozulduğunu görmüşük və atəşkəs heç də müharibənin başa çatması demək deyil.


 


Atəşkəs istənilən anda hansısa təxribatla pozula bilər. İsrail də bu addımları atır və mən gələcəkdə də bu proseslərin davam edəcəyini şübhə altına almıram. Hər hansı problem yaranan kimi və ya təxribat baş verən kimi bu atəşkəs pozula, yenidən müharibə başlaya, eskalasiya davam edə bilər. Heç kim təminat vermir ki, bu atəşkəs davamlı olacaq və bundan sonra İsrailin İrana hücumları, raket atəşləri, hətta quru əməliyyatları dayanacaq”.


 


Bəsti Rəfizadə


Sfera.az