Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Yaxın Şərqdəki gərginliyin Avropa iqtisadiyyatına vurduğu ziyanı açıqlayıb.
Sfera.az xəbər verir ki, Strazburqda Avropa Parlamentinin (AP) plenar iclasında çıxış edən fon der Lyayen, ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin enerji bazarlarına mənfi təsirindən danışıb. O, münaqişənin başladığı son 60 gün ərzində Aİ-nin fosil yanacaq idxalına əlavə 27 milyard avrodan çox vəsait xərclədiyini bildirib.
Komissiya sədri qeyd edib ki, bu, son 4 il ərzində Avropanın üzləşdiyi ikinci böyük enerji böhranıdır. O, idxal olunan yanacaqdan asılılığın riskli olduğunu vurğulayaraq deyib:
"Təkcə 60 günlük qarşıdurma dövründə enerji xərcimiz 27 milyard avrodan çox artdı. Biz baha başa gələn fosil yanacaqlardan asılılığı azaltmalı, bərpa olunan və nüvə enerjisi kimi yerli, təmiz mənbələrə üstünlük verməliyik”.
Fon der Lyayen Ukraynaya ayrılacaq 90 milyard avroluq kredit paketi barədə də mühüm detalları açıqlayıb:
“2026-cı il üçün nəzərdə tutulan 45 milyard avro bu rübdə təqdim ediləcək. Vəsaitin üçdə biri büdcə ehtiyaclarına, üçdə ikisi isə Ukraynanın müdafiəsinə sərf olunacaq. Paket çərçivəsində Ukraynada 6 milyard avro dəyərində dron istehsal ediləcək”.
Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbul edildiyini xatırladan fon der Leyen, Kremlin interneti məhdudlaşdırmasını sərt tənqid edib. O, rusların yenidən "rəqəmsal dəmir pərdə" arxasında yaşadığını, lakin tarixin sübut etdiyi kimi, bütün divarların bir gün mütləq yıxılacağını bildirib.
Yaxın Şərqdəki müharibənin nəticələrinin illərlə davam edə biləcəyini deyən Aİ rəsmisi, qalıcı sülh üçün əsas şərtləri sıralayıb:
1.Hörmüz boğazında tam seyrüsefer azadlığının bərpası;
2. İranın nüvə və ballistik raket proqramlarının sülh sazişlərinə daxil edilməsi. Sonda fon der Lyayen Aİ ölkələrini yanacaq ehtiyatları, xüsusilə də reaktiv yanacağı və dizel ehtiyatlarının koordinasiyası məsələsində daha sıx əməkdaşlığa çağırıb.
Bəsti Rəfizadə
Sfera.az