Son dövrlərdə Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. Xüsusilə ölümlə nəticələnən qəzaların çoxluğu cəmiyyətdə ciddi narahatlıq yaradır. Rəsmi statistika göstərir ki, yol qəzalarında həyatını itirənlərin əhəmiyyətli hissəsini məhz piyadalar təşkil edir. Bu isə həm yol infrastrukturunun vəziyyəti, həm də piyadaların davranışı ilə bağlı suallar doğurur. Mütəxəssislər hesab edir ki, piyadaların təhlükəsizliyinin təmin olunması üçün nəzarət mexanizmləri ilə yanaşı, maarifləndirmə tədbirləri də gücləndirilməlidir. Bu baxımdan əsas sual belədir: qəzaların səbəbi keçidlərin azlığıdır, yoxsa mövcud keçidlərdən istifadə olunmaması? Çünki bir çox hallarda piyada keçidi olduğu halda belə insanlar yolu riskli nöqtələrdən keçirlər.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, məsələyə sadə yanaşmaq düzgün deyil.
Onun sözlərinə görə, “Yol qəzalarını “sürücü günahkardır” və ya “piyada diqqətsizdir” kimi izah etmək problemi həll etmir, əksinə, onu daha da dərinləşdirir:
“Bu, sistem problemidir və sistemli həll tələb edir. Şəhərdə davamlı və baryersiz səkilər, təhlükəsiz və qısa keçidlər yoxdursa, piyadanı cərimələmək real çıxış yolu deyil. İnsanlardan təhlükəsiz davranış tələb etməzdən əvvəl təhlükəsiz mühit yaradılmalıdır. Şəhər planlaması artıq avtomobil mərkəzli modeldən insan yönümlü modelə keçməlidir və burada əsas prinsip piyadanın üstün mövqedə olmasıdır. Piyada yol iyerarxiyasında ən üst pillədə olmalıdır, davamlı səkilər və təhlükəsiz keçidlər geniş tətbiq edilməlidir”.
Rauf Ağamirzəyev əlavə edib ki, qəzaların azaldılması üçün dünyada tətbiq olunan “Vision Zero” yanaşması əsas götürülməlidir:
“Bu konsepsiya insan səhvini qaçılmaz sayır və sistemi elə qurmağı tələb edir ki, səhv ölümə səbəb olmasın. Yəni diqqət cəriməyə yox, infrastruktur və dizayna yönəlməlidir. Azərbaycanda müəyyən paradoks var. Avropanın qabaqcıl avtomobillərindən istifadə edirik, amma onların şəhər mühitində tətbiq etdiyi təhlükəsizlik həllərini tətbiq etməkdə tərəddüd edirik”.
Ekspert praktiki nümunə kimi 8 Noyabr prospektini göstərərək bildirib ki, aparılan dəyişikliklər nəticə verib:
“Zolaqların ensizləşdirilməsi, səkilərin yaxşılaşdırılması və eyni səviyyəli keçidlərin artırılması nəticəsində ölüm halları xeyli azalıb. İnsanları dəyişməyə çalışmaqdan daha effektiv yol mühiti dəyişməkdir”.
Ekspert hesab edir ki, piyada vurulmalarını azaltmaq üçün avtomobilərin hərəkətini tənzimləyən addımlar kompleks şəkildə həyata keçirilməlidir.
Onun fikrincə, səkilər davamlı olmalı, piyadaları məcburən yol hissəsinə çıxaran maneələr aradan qaldırılmalı, eyni səviyyəli və svetoforla tənzimlənən keçidlərin sayı artırılmalıdır:
“Keçidlərdə kontrast işıqlandırma təmin olunmadan gecə təhlükəsizliyi mümkün deyil, kor zonalar aradan qaldırılmalıdır. Bundan başqa, dayanacaqlarda “anti-cib” həllərinin tətbiqi, həmçinin məktəb, bağça və xəstəxana kimi həssas ərazilərdə sürətin fiziki vasitələrlə azaldılması vacib sayılır. Kamera və cərimə problemi tam həll etmir. Əsas həll küçələrin düzgün dizaynıdır, elə bir dizayn ki, sürətli hərəkət fiziki olaraq mümkün olmasın”.
Firuzə Əliyeva
Sfera.az