Araşdırmalara əsasən, körpələr hələ danışmağa başlamazdan əvvəl insanların niyyətlərini hiss edə və davranışlarına görə onları qiymətləndirə bilirlər.


 


Sfera.az xəbər verir ki, tədqiqatçıların fikrincə, bu xüsusiyyət insanlarda doğuşdan mövcud olan sosial instinktin bir hissəsidir. Araşdırma çərçivəsində 6-10 aylıq körpələr üzərində maraqlı təcrübə aparılıb. Onlara iki fərqli personajın iştirak etdiyi oyun nümayiş etdirilib. Personajlardan biri yardımsevər davranaraq digərinə kömək edib, digəri isə ona mane olmağa çalışıb.


 


Təcrübənin sonunda körpələrin böyük əksəriyyəti yardımsevər olan “yaxşı personaj”ı seçərək onunla oynamağa üstünlük verib. Hətta bəzi körpələrin mane olan “pis personaj”a baxmaq istəmədiyi müşahidə olunub. Bildirirlər ki, bu nəticələr əxlaq hissinin yalnız sonradan öyrənilən bir anlayış olmadığını göstərir. Onların sözlərinə görə, körpələr doğuşdan gələn bir növ “sosial radar”a sahibdirlər və bu sayədə ətrafdakı insanların davranışlarından kimin təhlükəsiz, kimin etibarsız olduğunu sezə bilirlər. Psixoloqlar qeyd edir ki, körpələrin bəzi insanlara yaxınlaşmaq istəməməsi və ya müəyyən şəxslərin yanında narahat davranması bəzən onların instinktiv reaksiyası ola bilər. Bu səbəbdən valideynlərə körpələrin reaksiyalarını diqqətlə izləmək tövsiyə olunur.


 


Fidan Hacızadə


Sfera.az