Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrana qarşı tətbiq etdiyi dəniz blokadası ölkə iqtisadiyyatını iflic vəziyyətinə salıb. İran rialı dollar qarşısında növbəti tarixi antirekordunu yeniləyib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hazırda valyuta bazarında rialın dəyəri kəskin şəkildə aşağı düşüb və dolların məzənnəsi qara bazarda 1,80 milyon rial səviyyəsinə qədər yüksəlib. İqtisadi göstəricilər real vəziyyətin acınacaqlı olduğunu göstərib. Müharibənin başladığı cəmi iki ay əvvəl 1 dollar təxminən 1,70 milyon rial idisə, hazırda bu rəqəm pik həddə çatıb.
Qeyd edək ki, rəsmi Tehran bir neçə fərqli sabit məzənnə tətbiq etsə də, ölkədə əsas referans olaraq "Bonbast" və "AlanChand" kimi qeyri-rəsmi platformaların göstəriciləri qəbul edilib.
Xatırladaq ki, ötən ilin sonunda rialın dəyər itirməsi ilə başlayan iqtisadi gərginlik paytaxt Tehranda tacir və sənətkarların etirazına səbəb olub. Qısa müddətdə ölkənin 31 əyalətinin hamısına yayılan bu nümayişlər beynəlxalq böhrana çevrilib. Hökumət etirazların qarşısını almaq üçün şəbəkəni tamamilə məhdudlaşdırıb. Ekspertlər bildiriblər ki, ABŞ-nin dəniz blokadası davam edəcəyi təqdirdə, İran iqtisadiyyatında inflyasiyanın qarşısını almaq mümkün olmayacaq və bu, yeni sosial partlayışlara yol aça bilər.
Bəsti Rəfizadə
Sfera.az