Xarici ekspertlər ABŞ Prezidenti Donald Trampın enerji qiymətlərini müvəqqəti olaraq aşağı salmaq cəhdlərindən sonra neft bazarlarında vəziyyətin daha da pisləşəcəyini gözləyirlər.


 


Məlumata görə, enerji mütəxəssisləri neft qiymətlərində yeni bir artım gözləyirlər ki, bu da prezidentin sosial media paylaşımlarına görə daha da şiddətli ola bilər.


 


ABŞ Prezidenti Donald Trampın addımlarından sonra neft qiymətlərinin artması nə ilə bağlıdır və sosial media açıqlamaları buna necə təsir edir?


 


Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar söyləyib ki, ABŞ Prezidenti Donald Trampın enerji qiymətlərini qısa müddətdə aşağı salmaq cəhdləri bazarlarda daha çox psixoloji təsir yaradır və bu, paradoksal olaraq sonradan qiymət artımına zəmin yarada bilər:


 



“Çünki enerji bazarları yalnız real təklif-tələb balansı ilə deyil, eyni zamanda gözləntilərlə idarə olunur. İnvestorlar bu cür müdaxilələri davamlı hesab etmədikdə, ehtimalları qiymətlərə əvvəlcədən daxil edirlər. Bu isə daha kəskin artıma səbəb ola bilər”.


 


Ü.Zülfiqar Trampın sosial media üzərindən verdiyi mesajların bazarda qeyri-müəyyənliyi artırdığını qeyd edib:


 


“Onun açıqlamaları tez-tez emosional və sərt tonlu olduğu üçün bazar iştirakçıları bunu konkret siyasət istiqaməti kimi deyil, risk siqnalı kimi qəbul edir. Nəticədə şirkətlər ehtiyatlı mövqe tutur, bu da bazarda qiymət dalğalanmasını artırır. Yəni sosial media bu halda real iqtisadi addımlardan daha sürətli şəkildə bazara təsir edərək qiymət artımını sürətləndirən amilə çevrilir”.


 


Fidan Hacızadə


Sfera.az