Müasir dövrdə qadınların üzərinə düşən məsuliyyətlər getdikcə artır.
Bəziləri evdar olaraq bütün günü ailə, məişət və uşaq qayğısına sərf edir, digərləri isə həm karyera, həm də ev həyatını paralel şəkildə idarə etməyə çalışır.
Maraqlıdır, evdar qadınlar, yoxsa çalışan qadınlar zehni baxımdan daha çox yüklənir və daha stressli olurlar? Qadınlarda balansın qorunması üçün hansı amillər vacibdir? Dişil enerjinin yerində olması psixoloji baxımdan nə deməkdir? Hansı rejimdə qalmaq faydalıdır?
Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gövhər Məmmədovanın sözlərinə görə, istər iqtisadi çətinliklər, istərsə də karyera arzusu səbəbilə günümüzdə işləyən qadınların sayında ciddi artım müşahidə olunur:
“Lakin bu vəziyyət hər zaman qadınlar üçün arzuolunan nəticələr vermir. Xüsusilə həm işləyib, həm də ailə və uşaq baxımı ilə məşğul olan qadınlarda balans pozğunluğu yarana bilir. Ümumiyyətlə, əgər zəruri şərtlər mövcud deyilsə, uşağın 3 yaşına qədər ananın işləməməsi daha məqsədəuyğun hesab olunur. Bu dövr həm ana, həm də uşaq üçün daha faydalıdır. Ən azından bu mərhələni daha səmərəli keçirən analarda gələcək illərdə ana-uşaq münasibətlərində daha az çətinliklər yaranır”.
Psixoloq əlavə edib ki, digər vacib məqam isə ailədə hər iki valideynin işləməsi halında məişət işlərinin də bərabər şəkildə bölüşdürülməsidir:
“Bu zaman qadın özünü əlavə yüklənmiş hiss etmir, əksinə daha rahat və xoşbəxt olur, bu da ailə mühitinə müsbət təsir göstərir. Növbəti diqqət yetirilməli məsələ qadınların son dövrlərdə özlərini kişilərlə müqayisə etməsi və sanki rəqabət mühitinə girməsidir “kim daha yaxşı karyera qurur”, “kim daha uğurludur” kimi yanaşmalar bunun nümunəsidir. Əlbəttə, qadın və kişinin iqtisadi baxımdan müstəqil olması vacibdir, lakin bu, heç bir tərəfin digərindən üstün olduğu anlamına gəlmir. Ailə daxilində bu cür rəqabət mühiti yalnız mənfi nəticələrə gətirib çıxarır. Unutmaq olmaz ki, qadın və kişi rəqabət aparmaq üçün deyil, bir-birini tamamlamaq üçün birlikdədirlər. Bu yanaşma olduğu zaman isə həm ailə münasibətləri, həm də ümumi həyat daha sağlam və harmonik şəkildə inkişaf edir”.
Fidan Hacızadə
Sfera.az